×
A
A
A
Sazlamalar

AYNA tıxacın qarşısının alınması üçün vətəndaşlara müraciət edib

Bakı, 17 may, AZƏRTAC

Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Bakı şəhərinin girişində ciddi tıxaclara səbəb olur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdən Bakının müxtəlif istiqamətlərinə avtobus marşrutları hərəkət edir. Nəticədə vətəndaşlar rahat və təhlükəsiz şəkildə sərnişindaşıma xidmətindən yararlana bilirlər. BBAK-ın qarşısındakı “Avtovağzal” metro stansiyası da sərnişinlərin ixtiyarındadır.
Sərnişinlərdən Bakının yol hərəkətinin təşkili, ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasına hesablanan bütün addımları nəzərə alaraq, “20 Yanvar” metro stansiyasına deyil, “Avtovağzal” metro stansiyası və Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzinə üstünlük vermələri xahiş olunur.

Nəqliyyat 2023-05-17 10:35:00