×
A
A
A
Sazlamalar

Moratorium müddətində qanunsuz balıq ovu azadlıqdan məhrumetmə ilə də nəticələnə bilər

Bakı, 13 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə il ərzində, həmçinin moratorium müddətində intensiv reydlər aparılır. Reydlər zamanı qanunsuz balıq ovu ilə məşğul olanlar aşkarlanarsa, bu zaman İnzibati Xətalar və Cinayət Məcəllələri ilə təqsirkarlara qarşı qanunamüvafiq tədbirlər görülür. Belə ki, bu müddət ərzində qanunsuz balıq ovu 7 yüz manatdan 7 min manatadək cərimə, bir ildən iki ilədək islah işləri və yaxud da azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.
Bunu AZƏRTAC-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
“Vətəndaşları moratorium müddətində balıq ovu etməməyə, eyni zamanda, il ərzində qanunsuz balıq ovundan çəkinməyə, qanunsuz ov alətlərindən istifadə etməməyə dəvət edirik. Çünki balıq və digər su bioresursları bizim sərvətimizdir və onların gələcək nəsillərə çatdırılmasını təmin etmək hər birimizin vətəndaşlıq borcumuzdur”, - deyə F.Əliyev qeyd edib.
Xatırladaq ki, hər il mayın 1-dən sentyabrın 1-dək ölkədəki bütün su hövzələrində sənaye balıq ovuna qadağalar tətbiq olunur. Həvəskar balıq ovu ilə məşğul olanlar iyunun 30-dək Xəzərdə balıq ovunu həyata keçirə bilməzlər.

Ekologiya 2023-05-13 18:16:00