×
A
A
A
Sazlamalar

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 34 kiloqram işlənmiş batareya təhvil alınıb

Bakı, 13 may, AZƏRTAC
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” marketlər şəbəkəsinin Dövlət Statistika Komitəsinin yaxınlığındakı filialından, "Bravo" marketlər şəbəkəsinin "Koroğlu" və "20 Yanvar" metro stansiyalarına yaxın yerləşən filiallarından ümumilikdə 34 kiloqram işlənmiş batareya toplanılaraq "Təhlükəli Tullantılar" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilib.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram kanalına istinadla xəbər verir ki, hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir.
İlin ötən dövründə isə 277 kq batareya toplanılıb.
Nazirlik bu prosesə töhfə verən bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edir, hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırır.

Ekologiya 2023-05-13 07:51:00