×
A
A
A
Sazlamalar

“Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək

Bakı, 12 may, AZƏRTAC
Mayın 13-də Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq Azərbaycanın “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə futbol matçı ilə əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.
“Bakı Metropoliteni”ndən AZƏRTAC-a bildirilib ki, futbol görüşünə marağı nəzərə alaraq, “Bakı Metropoliteni”nin əməliyyat planı və bu arenada təşkil olunan kütləvi tədbirlərə uyğun, stansiya oyunun başlanma saatları ərəfəsində gücləndirilmiş iş qrafikində çalışacaq. Bu xüsusda stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə stansiyada növbətçilik cədvəli tərtib olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq.
Sərnişinlərin oyun qurtardıqdan sonra təhlükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar nəzərə alınacaq və xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.

Nəqliyyat 2023-05-12 17:25:00