×
A
A
A
Sazlamalar

COP28 ərəfəsində enerji və texnologiya liderləri yaşıl hidrogenlə bağlı problemləri müzakirə ediblər

Bakı, 12 may, AZƏRTAC

Sənaye, texnologiya və enerji liderləri yaşıl hidrogenin geniş miqyasda istehsalı və hidrogen iqtisadiyyatının böyüməsi qarşısında duran əsas problemləri həll etmək üçün Əbu-Dabidə bir araya gəliblər. Bu iclas Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Sənaye və Qabaqcıl Texnologiyalar Nazirliyinin bu ilin noyabrında keçiriləcək COP28 iqlim sammitinə hazırlıq çərçivəsində təşkil olunub.
AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər verir ki, forumda 1000 qlobal siyasətçi, baş direktorlar, ekspertlər, texnologiya liderləri və sərmayəçilər karbon emissiyalarını sürətləndirən dağıdıcı texnologiyaların yaşıl hidrogenlə əvəzlənməsi məsələsini müzakirə ediblər.
“Hidrogen iqtisadiyyatı, cavabsız suallar” adlı dialoq zamanı siyasətçilər, enerji şirkətləri, alimlər, texnoloji firmalar, sənaye korporasiyaları və investorlar hidrogenin istehsalı, saxlanması, daşınması və tətbiqi də daxil olmaqla, əsas problemlərə toxunublar. BƏƏ Xarici İşlər Nazirliyi, “Emirates Nuclear Energy Corporation” kompaniyası, Energetika və İnfrastruktur Nazirliyi, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi sessiyada ADNOC, DEWA, “Mubadala”, “Khalifa University”, “Emirates Steel”, “Emirates Global Aluminium”, “Siemens Energy” kimi nəhəng kompaniyalar da təmsil olunub.
Çıxışlarda qeyd olunub ki, hidrogen enerji keçidini gücləndirəcək və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaqda mühüm rol oynayacaq əsas yanacaqlardan biridir. Lakin bununla bağlı həlli vacib olan çoxsaylı problemlər var və onları aradan qaldırmaq üçün beynəlxalq səviyyədə əməkdaşlıq inkişaf etdirilməlidir.
BƏƏ enerji qarışığı və iqtisadi diversifikasiya planları çərçivəsində 2030-cu ilə qədər qlobal hidrogen yanacağı bazarının 25 faizinə malik olmağı hədəfləyir. Hidrogen bazarlarında liderliyini və rəqabət qabiliyyətini artırmaq üçün bu ölkə 2021-ci ildə Hidrogen Liderliyi Yol Xəritəsini təqdim edib və növbəti üç onillikdə təmiz və bərpa olunan enerji layihələrinə 600 milyard dinar sərmayə qoyur.
Müzakirələrdə enerji keçidində hidrogenin rolu qiymətləndirilib və nümayəndələr texnologiyaların, siyasətlərin və standartların hidrogen iqtisadiyyatını necə təmin edə biləcəyinə dair təkliflərlə çıxış ediblər. Onlar karbon emissiyası əleyhinə texnologiyalardan istifadə edərək bərpa olunan enerji ilə işləyən təmiz hidrogen istehsalının son nəticədə bazar payı qazanacağını bildiriblər. İrəli sürülən təşəbbüslər və təkliflər COP28 iqlim sammitindən əvvəl dərc olunacaq.

Ekologiya 2023-05-12 15:14:00