×
A
A
A
Sazlamalar

AYNA tərəfindən regionlarda sahibkarlıq subyektlərinə göstərilən bir sıra xidmətlər yeni ünvanda təşkil edilir

Bakı, 12 may, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən regionlarda sahibkarlıq subyektlərinə göstərilən bir sıra xidmətlər yeni ünvanda təşkil edilir. Artıq Xaçmaz və Yevlax KOB evlərində AYNA tərəfindən iriqabaritli yüklərin daşınması üçün icazələr, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsinə başlanılıb.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, Yevlax və Xaçmaz şəhərlərində daşıyıcılar “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartları”nı təqdim edərək “İcazə” blanklarını Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Xaçmaz və Yevlax KOB evində AYNA-nın əməkdaşlarından təhvil ala bilərlər. Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı” da KOB evlərində təqdim olunur.
Qeyd edək ki, bu ilin yanvar ayından etibarən AYNA tərəfindən göstərilən bir sıra xidmətlər ilk olaraq “Bakı KOB evi”ndə təşkil edilir.

Nəqliyyat 2023-05-12 11:19:00