×
A
A
A
Sazlamalar

ATAA Kuba və Venesuelanın turizm təşkilatları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı, 11 may, AZƏRTAC

Qarşılıqlı turizm əlaqələrinin inkişafı və əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri çərçivəsində Azərbaycan Turzim Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Kuba Respublikasının Azərbaycandakı səfiri Carlos Valdes de la Consepsian və Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran arasında işgüzar görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Göydəniz Qəhrəmanov əvvəlcə səfirlərə Assosiasiyanın fəaliyyəti, quruma üzv olan şirkətlərlə əməkdaşlığı, Assosiasiyanın ölkə turizminin inkişafındakı rolu haqqında məlumat verib. Azərbaycanın getmə turizm bazarı üçün Kuba və Venesuella istiqamətlərinin yeni lakin cəlbedici olduğunu bildirən G.Qəhrəmanov Assosiasiyanın qarşılıqlı biznes əlaqələrinin qurulmasında, əməkdaşlığın və turist cəlb ediciliyinin artırılmasında maraqlı olduğunu qeyd edib.
Kubanın geniş turizm imkanlarının və turizm istiqamətlərinin olduğundan bəhs edən səfir Carlos Valdes de la Consepsian Kubanın postsovet məkanından olan bir sıra ölkələrlə sıx turizm əlaqələri qurduğunu və Azərbaycanı da onların sırasında görmək istədiklərini bildirib. Postpandemiyadan sonra Kubada turizmdə canlanmanın olduğunu və əsasən sağlamlıq, istirahət məqsədli turların təşkil edildiyini diqqətə çatdıran səfir ölkəsinin bu istiqamətdə birgə fəaliyyət göstərməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, müzakirələr zamanı kommunikasiya əlaqələrinin yaradılması, turizm məhsullarının təşviqi, birgə iş birliyinin qurulması, tanıtım məqsədli kombo formatlı infoturların təşkili, B2B görüşlərin keçirilməsi, birbaşa aviareyslərin açılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Turizm 2023-05-11 19:01:00