×
A
A
A
Sazlamalar

Arktika və Alp dağlarında aşağı temperaturda plastiki parçalayan mikroblar aşkar edilib

Bakı, 11 may, AZƏRTAC

Arktika və Alp dağlarında aşağı temperaturlarda plastik çürüdə bilən mikroblar aşkar edilib. Bu, zibilxanalarda yığılan və dünya okeanını çirkləndirən plastik tullantıların utilizasiyası ilə bağlı böyük problemi həll edə bilər.
30 dərəcədən yuxarı temperaturlarda plastiki parçalaya bilən bakteriyalar barədə əvvəllər də məlum idi. Lakin onların sənayedə istifadə edilməsi üçün böyük miqdarda enerji tələb olunur, bu isə məsrəflərlə bağlıdır və istixana qazlarının atmosferə tullanmasına gətirib çıxarır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, indi İsveçrənin WSL Federal institutundan olan alimlər 15 dərəcədə plastiki parçalaya bilən mikroorqanizmlər aşkar ediblər, bu da tullantıların emalı üçün inqilabi həll yolu ola bilər. Onların tərəfindən aparılan tədqiqatın nəticələri “Frontiers in Microbiology” elmi jurnalında dərc olunub.
Bioloq Coel Ryuti və onun həmkarları bir il ərzində Yerin səthində və ya Qrenlandiya, Şpitsberqen arxipelaqı ərazisində və İsveçrə Alplarında torpaqda qalan plastik parçaları müşahidə ediblər.
Bir il müşahidə apardıqdan sonra alimlər bu plastikdən 34 növ: 19 bakteriya və 15 göbələk mikrobların nümunələrini toplayıblar.
Daha sonra onlar bu mikrobları 15 dərəcədə laboratoriyaya yerləşdiriblər, burada onlar əvvəlcə ştamların böyüməsinə imkan yaradıblar, daha sonra isə onların bir neçə növ plastiki: polietilen (PE - bioloji parçalanmayan) və bioloji parçalana bilən poliester-poliuretan (PUR), polibutilen adipat tereftalat (PBAT) və poliaktidi (PLA) parçalaya biləcəyini yoxlamaq üçün eksperiment keçiriblər.
Bu eksperiment çərçivəsində mikroblardan heç biri hətta onun səthində 126 gün ərzində artmasından sonra polietilenə təsir edə bilməyib.
Lakin mikrobların 19 növü PUR-u, 17-si isə PBAT və PLA-nı parçalaya biliblər.
Professor Coel Ryutinin sözlərinə görə o, tədqiq edilən bir çox orqanizmin mövcud plastik növlərindən birinə belə parçalayıcı təsir göstərə biləcəyinə təəccüblənib.
Alimlər, həmçinin polietilendən başqa sınaqdan keçirilmiş bütün plastik növlərini parçalaya bilən mikrobların iki ən effektiv növünü aşkar ediblər. Bu mikroorqanizmlərinin hər ikisi neodevriesia və lachnellula cinsindən olan göbələklər idi.
Tədqiqatın müəllifləri izah edirlər ki, mikroblar polimerləri parçalaya bilir, çünki onlar struktura görə bəzi bitki hüceyrələrini xatırladır.
Alimlər mikrobları yalnız bir temperaturda sınaqdan keçiriblər və vurğulayırlar ki, onların təcrübədə istifadə edilməsi üçün əlavə tədqiqatlar tələb olunur ki, onlar mikrob növləri və tullantıların parçalanması üçün temperaturun optimal nisbətini müəyyən edə bilsinlər.

Ekologiya 2023-05-11 14:49:00