×
A
A
A
Sazlamalar

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Bakı, 11 may, AZƏRTAC

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qardaş ölkənin Milli Müdafiə Universitetinin Quru Qoşunları İnstitutu, Hərbi Hava Qüvvələri İnstitutu və Hərbi Dəniz Qüvvələri İnstitutunun rəhbər heyəti və dinləyicilərindən ibarət nümayəndələr Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Türk şəhidliyini ziyarət edib, üzərinə gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.
Sonra türkiyəli qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutu, Komando hərbi hissəsini və Hərbi Dəniz Qüvvələrini ziyarət ediblər.
Ziyarət zamanı hərbi hissə və müəssisələrin tarixi və əsas fəaliyyət istiqamətləri barədə qonaqlara brifinqlər verilib, istifadədə olan silah və texnika təqdim edilib, həmçinin komandoların nümunəvi çıxışları nümayiş etdiriblər.
Səfər müddətində həmçinin qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotoları çəkdirilib.

Ordu 2023-05-11 14:47:00