×
A
A
A
Sazlamalar

Şəmkir sakinlərindən avtomat və narkotik aşkarlanıb

Şəmkir, 11 may, Elcan Məmmədov, AZƏRTAC

Qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Coşqun Aslanov Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, üzərindən marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin yaxınlığında odlu silah da gizlətməsi məlum olub. Qeyd edilən ünvana baxış keçirilən zaman oradan bir ədəd “Kalaşnikov” avtomatı, 2 ədəd həmin avtomata məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakinləri Arxein Məmmədov və Ruslan Süleymanzadə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şübhəli şəxslərin üstlərindən müvafiq olaraq heroin və marixuana edilərək götürülüb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Regionlar 2023-05-11 11:42:00