×
A
A
A
Sazlamalar

Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir

Bakı, 9 may, AZƏRTAC
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Ümummilli Liderimizin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən “Ulu Öndərin adının əbədiləşdirildiyi ilk ünvan: Heydər Əliyev adına Hərbi Lisey” adlı tədbirdə hərbi liseydə təhsil almış şəhidlərimizin valideynləri, Vətən müharibəsi iştirakçıları və təhsil işçiləri də iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov və digər çıxış edənlər bildiriblər ki, öz fəaliyyətində hər zaman dövlətçiliyi, milli birlik və bərabərliyi əsas tutan Ümummilli Liderimiz bütün sahələrə diqqət ayırır, xüsusilə Azərbaycanda ordu quruculuğuna mühüm əhəmiyyət verirdi. Heydər Əliyev güclü və qüdrətli ordu yaradılmasının əsasını zabit kadrlarının yetişdirilməsi və tərbiyə olunmasında görürdü. Bu məqsədlə 1998-ci il mart ayının 13-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması haqqında Ümummilli Lider Heydər Əliyev tərəfindən Sərəncam verildi.
Hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatını ödəmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldı. Beləliklə görkəmli dövlət xadiminin xatirəsinin əbədiləşdirildiyi ilk ünvan onun doğma yurdunda yaradılan Hərbi Lisey oldu.
Qeyd olunub ki, 56 kursantla fəaliyyətə başlayan Hərbi Liseydə yüzlərlə vətənpərvər, yüksək təhsilli, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirilir. Liseyin məzunları Aprel döyüşlərində, Günnüt əməliyyatında və 44 günlük Vətən müharibəsində iştirak edərək qəhrəmanlıq göstərib, bir çox orden və medallara layiq görülüblər.
Bildirilib ki, bundan sonra da nümunəvi təhsil müəssisəsi kimi Hərbi Liseydə dahi şəxsiyyətin adına layiq, Silahlı Qüvvələrimizin savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda inamlı addımlar atılacaq.
Tədbirin bədii hissəsində kursantlar Ulu Öndərə həsr olunmuş şeirləri bədii qiraət edib, musiqi nömrələri ilə ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Sonda Ümummilli Liderimiz Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli filmə baxış olub.
Heydər Əliyev adına Hərbi Liseydə Ümummilli Liderimizin anadan olmasının 100 illiyi ilə bağlı kursantlar arasında idman yarışları keçirilib.
Kursantlar minifutbol, voleybol, stolüstü tennis, qol güləşi və şahmat idman növləri üzrə yarışıblar. Sonda fərdi və komanda halında qaliblər müəyyən edilərək mükafatlandırılıblar.

Ordu 2023-05-09 20:18:00