×
A
A
A
Sazlamalar

Qəbələdə Ulu Öndərin xatirəsinə həsr olunan turnirin qalibləri mükafatlandırılıblar

Qəbələ, 5 may, Mustafa Dadaşov, AZƏRTAC

Mayın 5-də Qəbələ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə gənclərdən ibarət komandalar arasında voleybol üzrə rayon turniri keçirilib.
Qəbələ Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, idarənin təşkilatçılığı, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Qəbələ rayon təşkilatının dəstəyi, rayon Təhsil sektorunun iştirakı ilə keçirilən turnir Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini ictimaiyyətə çatdırmaq, həmçinin voleybol idman növünü gənclər arasında geniş təbliğ etməkdən ibarətdir.
Turnirin açılış mərasimində Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rayon təşkilatının sədri Pərviz Sabirli çıxış edərək, yarışın məqsəd və vəzifələri barədə məlumat verib, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində idmanın və bədən tərbiyəsinin inkişafının dövlət siyasətinin prioritet qollarından birinə çevrildiyini diqqətə çatdırıblar.
Yekun nəticələrə əsasən, Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası turnirin qalibi adını qazanıb. Şəhər 5 saylı və Zarağan kənd 2 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Turnirin qaliblərinə təşkilat komitəsinin təsis etdiyi kubok və diplomlar təqdim edilib.

Regionlar 2023-05-05 17:26:00