×
A
A
A
Sazlamalar

COP28 sammiti ərəfəsində gənclərin iqlim fəaliyyətinə cəlb edilməsi müzakirə olunub

Bakı, 4 may, AZƏRTAC

Bu ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək COP28 iqlim sammitinin sədrliyi və COP28 Gənclər İqlim Çempionu (YCC) komandası Nyu-Yorkda 200-dən çox gəncin iştirak etdiyi Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumu zamanı gənclər üçün bir sıra mühüm tədbirlər təşkil ediblər.
AZƏRTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, iqlim fəaliyyətində gənclərin mühüm rolunu vurğulayan “Gənclərin iqlim fəaliyyətinin gücündən bəhrələnmək” mövzusunda ilk tədbir Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə birgə təşkil edilib. Tədbir BMT-yə üzv ölkələrin daimi nümayəndəliklərini, inkişaf tərəfdaşlarını və iqlim fəaliyyəti ilə məşğul olan gənclər təşkilatlarını təmsil edən 70-dən çox nümayəndəni bir araya gətirib.
Daha sonra gənclərə COP28 üzrə öz fikirlərini, perspektivlərini və gözləntilərini bölüşmək imkanı vermək üçün komanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Gənc Seçki Dairəsi (YOUNGO) ilə birgə 30-dan çox iştirakçı ilə qlobal məsləhətləşmə sessiyası keçirib. Məsləhətləşmə zamanı iştirakçılar COP28-dən əvvəl gənclərin cəlb edilməsi imkanlarını və problemləri müzakirə edib və bütün dünyada gənc nəslin səsini yüksəltmək və konstruktiv gənclərin cəlb edilməsini səfərbər etmək üçün COP28 sədrliyi çərçivəsində oynadığı rola görə YCC-ə təşəkkürlərini bildiriblər.
Komanda, həmçinin tərəfdaşlıq çərçivəsində BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Uşaq Fondu (UNICEF) və BMT Baş katibinin gənclər üzrə elçisinin ofisi kimi aparıcı beynəlxalq təşkilatlarla 20-dən çox görüş və dialoq keçirib, eləcə də YCC-nin rolunu tanıtmaq və beynəlxalq əməkdaşlığı təşviq etmək üçün Kosta Rika, Zambiya və Keniya kimi müxtəlif ölkələrin BMT-dəki daimi nümayəndəlikləri ilə dəyirmi masa təşkil edib. Bundan əlavə, komandanın 100-dən çox iştirakçısı ilə keçirilən şəbəkə qəbulunda BƏƏ-nin BMT-dəki daimi nümayəndəsinin müavini, səfir Muhammed Abuşahab açılış nitqi söyləyib.
BƏƏ Daimi nümayəndəliyinin BMT agentliklərində olan nümayəndələri, ölkələrin nümayəndəlikləri, ECOSOC təmsilçiləri və YOUNGO üzvləri, gənclərin rəhbərlik etdiyi digər təşkilatlar və tələbələr gənclərin iqlim fəaliyyətində iştirakı ilə bağlı planları və YCC-nin COP28 sədrliyi çərçivəsində rolu haqqında fikirlərini bölüşüblər. Bununla əlaqədar olaraq, BƏƏ-nin icma inkişafı naziri Şəmma Əl Mazrui COP28 çərçivəsində ambisiyaları açıqlayıb: “Gənclərin səlahiyyətlərinin artırılması COP28-in uğuru yolunda mühüm sütundur, çünki biz etiraf edirik ki, gənclərin masaya gətirdiyi enerji və təşəbbüs 2030-cu il hədəflərinə çatmaq üçün əsas hərəkətverici qüvvədir. COP28 sədrliyi gəncləri siyasətçilər və qərar qəbul edən şəxslərlə əlaqələndirən platformalar quracaq, onların çoxtərəfli iqlim proseslərində söz sahibi olmasını təmin edəcək. Biz heç kimi kənarda qoymayan və cəmiyyətin bütün təbəqələri, xüsusən də gənclərlə sıx əməkdaşlığı təmin edən inklüziv yanaşma təqdim etmək istəyirik”.
YCC-nin rolu bütün fəaliyyətlərdə dörd əsas sütunun inteqrasiyasını tələb edir; iştirak, fəaliyyət, təşəbbüs və təhsil (PAVE). YCC gənclərin effektiv iştirakını və iqlim fəaliyyətinin təşviqini təmin edir, omların fəaliyyətini gücləndirir və dünyanın hər yerindən gənclər üçün ətraf mühit və institusional öyrənmə imkanları təqdim edir.
2023-cü ilin martında COP28-in Rəyasət Heyəti özünün “Beynəlxalq gənclər iqlim nümayəndələri proqramı”nı başladıb ki, bu da ən az inkişaf etmiş ölkələrdən və inkişaf etməkdə olan kiçik adalardan olan gənclərə xüsusi diqqət yetirməklə, bütün dünyada gənclərin iqlim dəyişikliyinə qarşı mübarizə prosesində tam iştirak etməsini təmin etmək məqsədi daşıyır.

 

Ekologiya 2023-05-04 17:22:00