×
A
A
A
Sazlamalar

Bakı Limanı ilə Trieste Limanı arasında yeni əməkdaşlıq imkanları araşdırılır

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-də İtaliya və Aralıq dənizində ən böyük limanlardan biri Trieste Limanının prezidenti Zeno D'Aqostino iki liman arasında yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün Bakı Limanına səfər edib. Səfər zamanı o, Bakı Limanının əməliyyat qrupu ilə görüşüb və buranın imkanları ilə tanış olub.
Bakı Limanından AZƏRTAC-a bildirilib ki, görüşdə Avropanı Asiya ilə birləşdirən strateji marşrut olan Orta Dəhliz vasitəsilə Bakı Limanından keçməklə göndəriləcək yük həcminin artırılması müzakirə olunub. Bakı və Trieste limanları arasında beynəlxalq yükdaşımalarda əhəmiyyətli paya sahib olan logistika şirkətlərinin iştirakı, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi də əsas hədəflərdən biridir.
Digər müzakirə olunan mövzu Bakı Limanının genişləndirilməsi strategiyası olub. Xəzər dənizinin ən müasir limanlarından olan və Orta Dəhlizdə mühüm strateji paya sahib olan Bakı Limanı, bu dəhlizi gücləndirməyə və sürətləndirməyə kömək edə biləcək Avropa limanları ilə əməkdaşlıq etməklə öz fəaliyyətini genişləndirməyə çalışır.
Qeyd edək ki, Mərkəzi və Şərqi Avropaya giriş qapısı kimi strateji məkana sahib olan Trieste Limanı illik 60 milyon tondan çox mal dövriyyəsi ilə İtaliya və Aralıq dənizinin ən böyük limanlarından biridir. Bu səfər və potensial tərəfdaşlıq qlobal təchizat zəncirində mühüm ticarət qovşaqları kimi hər iki limanın mövqelərini gücləndirə, iqtisadiyyat və logistika sahəsində Azərbaycanla yanaşı, region ölkələrinə də fayda gətirə bilər.

Nəqliyyat 2023-05-01 15:57:00