×
A
A
A
Sazlamalar

İtaliya mətbuatı Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb

Roma, 30 aprel, AZƏRTAC

İtaliyanın aparıcı kütləvi informasiya vasitələri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı məqalələr yayıb.
AZƏRTAC xəbər verir ki, “Sky sport”, “Corriere della Sera”, “Tuttosport”, “Corriere dello Sport”, “La Stampa”, “Autosprint”, “La Reppublica”, “Ansa” və “Rai” informasiya agentliklərinin yaydığı məqalələrdə Bakının Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinə ev sahibi etdiyi, “Red Bull Racing” komandasının pilotu Serxio Peresin Azərbaycan Qran-Prisinin əsas yarışında podiumun ən yüksək pilləsinə qalxdığı, komanda yoldaşı Maks Ferstappenin ikinci, “Ferrari”nin sürücüsü Şarl Leklerin üçüncü pillədə yer aldığı bildirilib.
Qeyd olunub ki, meksikalı pilot cari mövsüm və Bakı şəhər halqasında ikinci, karyerasında isə altıncı qələbəsini qazanıb.
Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 28-də start verildiyi, 10 komandanın mübarizə apardığı yarışda pilotların 2 saat ərzində 6 kilometrlik Bakı şəhər trekində 51 dövrə vurduğu da qeyd edilib.
Azərbaycanın yarışlara yeddinci dəfə ev sahibliyi etdiyi, Bakı şəhər halqasının 2026-cı ilədək Formula 1 təqviminə əlavə olunduğu bildirilib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Formula-1 2023-04-30 18:26:00