×
A
A
A
Sazlamalar

Daha bir pilot Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında mübarizədən kənar qalıb

Bakı, 30 aprel, AZƏRTAC

Daha bir pilot Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, “Alfa Romeo”nun pilotu Cou Quanju bolidindəki texniki problemlərə görə mübarizədən kənar qalıb. Daha əvvəl “Alpha Tauri” komandasının pilotu Nik de Vris çıxışını erkən başa vurub.
“Red Bull Racing”in pilotu Serxio Peres 39 dövrədən sonra liderliyini davam etdirir. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb.
Builki dünya çempionata martın 3-5-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı və Avstraliyada keçirilib. Üç mərhələdən və Bakıda təşkil olunan cari mövsümün ilk sprint yarışından sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 75 xal var. Ferstappendən 13 xal geri qalan “Red Bull Racing”in digər pilotu Serxio Peres ikinci sırada qərarlaşıb. İlk beşliyi 48 xalla Fernando Alonso (Aston Matin”), 40 xalla Luis Hamilton (“Mercedes”) və 24 xalla Karlos Saynz (“Ferrari”) qapayırlar.
Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Ferrari” (37), “McLaren” (12), “Alpine” (8), “Haas” (7), “Alfa Romeo” (6), “Alpha Tauri” (1) və “Uilliyams” (1) komandaları qərarlaşıblar.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Luis Hamilton (“Mercedes”-2018), Valtteri Bottas (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” - 2021), Maks Ferastappen (Red Bull Racing” - 2022) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.

 

Formula-1 2023-04-30 16:26:00