×
A
A
A
Sazlamalar

Niderlandlı məşhur DJ Hardvel Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda çıxış edib

Bakı, 30 aprel, AZƏRTAC

Paytaxtımızda yeddinci dəfə təşkil olunan Azərbaycan Qran-Prisi qısa müddətdə azarkeşlərin sevimli yarışına çevrilərək, dünyanın hər yerindən minlərlə ziyarətçini özünə cəlb edib və hazırda müasir Formula 1 tarixində təqvimin ən dramatik yarışı olaraq xatırlanır. İstər toqquşmalarla dolu gərgin trek mübarizələri, istərsə də finişə sadəcə bir neçə dövrə qalmış yarış liderlərinin qəzaları olsun - bütün bunlar Bakı yarışını mövsümün ən gözlənilməz F-1 yarışı edir.
AZƏRTAC xəbər verir ki, Formula 1 Azərbaycan Qran-Prisi bu il də daha bir gözlənilməzi reallaşdıraraq üçillik fasilədən sonra azarkeşlərin yarış həftəsini səbirsizliklə gözlədiyi konsert proqramını gerçəkləşdirib. Aprelin 29-da elektronik rəqs musiqisinin qabaqcıllarından hesab olunan niderlandlı DJ və qlobal fenomen Hardvel çıxış edib.
Karyerası boyu bir sıra mükafatlara layiq görülən dünyaşöhrətli sənətçi Bakıda azarkeşlər üçün bol həyəcan və əyləncə vəd edilən konsert proqramı təqdim edib.
Hardvel “Spaceman”, “Apollo” və “Thinking About You” daxil olmaqla bir sıra qlobal hitləri ilə dünyanın ən çox tələb olunan DJ-lərindən biridir.
O, ilk dəfə 14 yaşında Niderland elektronik rəqs musiqisi səhnəsində çıxış edib və sonrakı on il ərzində dünya şöhrəti qazanmağa nail olub. 2013-cü ildə isə iki il ardıcıl olaraq “DJ Magazine” jurnalı tərəfindən dünyanın bir nömrəli DJ-i seçilib.
Musiqi fəaliyyətində “Armin van Buuren”, “Steve Aoki”, “Dimitri Vegas & Like Mike”, “Tiësto” və “Afrojack” kimi elektronik musiqinin aparıcı ulduzları ilə möhtəşəm ifalar təqdim edib. Pop musiqisinin ən məşhur sənətçiləri Rihanna, Calvin Harris, Moby, U2 və Coldplay kimi musiqi qruplarının remikslərini ərsəyə gətirərək dünya musiqi səhnəsində iz qoyub.
“Tomorrowland” və “Ultra Music Festival” daxil olmaqla, dünyanın ən böyük festival və musiqi tədbirlərində əsas siması kimi çıxış edib, yüksək enerjili çıxışları, unudulmaz ritmləri ilə elektronik rəqs musiqisi pərəstişkarlarının rəğbətini qazanıb.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 30-da Bakı şəhər halqasında keçiriləcək.

Formula-1 2023-04-30 01:25:00