×
A
A
A
Sazlamalar

ADY həftəsonu üçün Bakı-Ağstafa-Bakı marşrutu üzrə 4 əlavə reys təyin edib

Bakı, 29 aprel, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatı ilə əlaqədar olaraq 29 və 30 aprel tarixlərinə əlavə qatar reysləri təyin edib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, həmin tarixlərdə əlavə reys üzrə saat 8:25-də Bakı Dəmir yolu Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamət üzrə isə 29 və 30 aprel tarixlərində əlavə reyslə saat 15:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmir yolu Vağzalına saat 20:25-də çatacaq.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 8:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, Ağstafadan isə saat 17:10-da yola düşən qatar saat 22:05-də Bakıya çatır. Marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

Nəqliyyat 2023-04-29 14:43:00