×
A
A
A
Sazlamalar

“İstehsal et, təbiətə zərər vermə!”

Bakı, 29 aprel, Göyçək Mahmudlu, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Abşeron Milli Parkında “İstehsal et, təbiətə zərər vermə!” devizi ilə mikro və kiçik sahibkarların sərgi-satış yarmarkası keçirilir.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarmarkada 20-yə yaxın sahibkarın 100 çeşiddə məhsulu təqdim olunur.
Aprelin 29-da sərgi-satış yarmarkasının açılışında çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev yarmarkanın devizinin cəmiyyətimizdə təbiətə sevgi, ətraf mühitə qayğı aşıladığını, insanları təbiətə zərər verməməyə təşviq etdiyini bildirib: "Tədbirin Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunması təsadüfi deyil. Çünki tədbirdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın inkişaf strategiyasının prioritetlərindən olan ekoloji cəhətdən dayanıqlı iqtisadi inkişafa nail olunması prinsipləri təbliğ olunur, tədbir sahibkarlıq subyektlərinə təbiətimizə zərər vermədən işləməyi, ölkəmizin iqtisadiyyatına töhfə verməyi ehtiva edir. Dayanıqlı inkişaf gələcək nəsillərin imkanlarını təhlükə altına qoymadan indiki dövrün ehtiyaclarını təmin edən inkişafdır. Onun ekoloji aspektləri okean və dəniz resursları, iqlim dəyişmələri, ətraf mühit, tullantıların idarə edilməsi, ekosistemlər və biomüxtəliflik sahələrindəki məqsədləri əhatə edir.
Buna nail olunması baxımından insan və təbiət arasında münasibətlərdə balansın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Burada dövlət və qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, biznes strukturlarının üzərinə böyük vəzifələr düşür”.
Nazir müavini çıxışının sonunda sərgi-yarmarkaya qatılan sahibkarların təbiət qoynunda keçirilən tədbirdən məmnun qalacaqlarına və Azərbaycanın milli parklarında mövcud olan xidmət sferasında yaxından iştirak etmək üçün stimul qazanacaqlarına ümidvar olduğunu diqqətə çatdırıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov aprelin 28-dən start götürən sərgi-satış yarmarkasının məqsədinin ekoloji cəhətdən dayanıqlı iqtisadi inkişafa nail olunması prinsiplərinə bir daha diqqət yönəltmək, “yaşıl iqtisadiyyat”, təbiətə həssaslıq, istehsal prosesində sıfır tullantı texnologiyalarının tətbiqi kimi ideyaların təbliği olduğunu qeyd edib. Tədbir, həmçinin dövlət-özəl sektor münasibətlərinin qarşılıqlı tərəfdaşlıq müstəvisində möhkəmlənməsi, milli parklarda təbiətə zərər vermədən turistlərə xidmət potensialının nümayiş olunması və xidmət sektoruna sahibkarlıq subyektlərinin cəlb edilməsi kimi məqsədləri özündə ehtiva edir.
“Son zamanlar “yaşıl iqtisadiyyat”a çox böyük önəm verilir. KOBİA olaraq belə təşəbbüsləri, “yaşıl iqtisadiyyat”a öz töhfəsini vermək, bu sahədə fəaliyyətini tənzimləmək istəyən şirkətləri dəstəkləyir və onlara hər cür şərait yaratmağa hazırıq. İnanırıq ki, sərgi-satış yarmarkası yerli sakinlərin və turistlərin diqqətini cəlb edəcək, sahibkarlara öz məhsullarını böyük auditoriyaya nümayiş etdirmək imkanı verəcək", - deyə O.Məmmədov bildirib.
Abşeron Milli Parkının direktoru Etibar İbrahimov milli parkın çox müsbət aurası olduğunu diqqətə çatdırıb, tədbir çərçivəsində ziyarətçi və iştirakçıların təmiz havadan zövq alacağına əminliyini ifadə edib. O, sərgi-yarmarkanın ilk məkanı olaraq Abşeron Milli Parkı seçilməsindən məmnunluğunu ifadə edib və təşkilatçılara öz minnətdarlığını bildirib.
Qeyd edək ki, sərgi-satış yarmarkası aprelin 30-u saat 11.00-dan 17.00-dək ziyarətçilər üçün açıq olacaq. Hər həftənin şənbə və bazar günləri Abşeron Milli Parkına “Koroğlu metrosu - Abşeron Milli Parkı” marşrutu üzrə avtobus (saat 10:30 çıxış, 16:30 qayıdış) fəaliyyət göstərir. Yarmarkanı ziyarət etmək istəyənlər həmin xidmətdən istifadə edə bilərlər. Əlavə edək ki, həmçinin, tədbir çərçivəsində at və fayton gəzintisi, Şahdili turu, ustad dərsləri və digər əyləncəli tədbirlər təşkil edilir.

 

Ekologiya 2023-04-29 13:47:00