×
A
A
A
Sazlamalar

Şarl Lekler Azərbaycan Qran-Prisinin sprint yürüşünün təsnifat turunda birinci olub

Bakı, 29 aprel, AZƏRTAC

Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşünün təsnifat turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.
Təsnifat turu üç sessiyadan ibarət olub və yürüşün ümumi nəticəsinə görə, sprint yarışının start düzülüşü müəyyənləşib.
“Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing”in pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar.
Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinə Bakı ev sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

 

Formula-1 2023-04-29 13:23:00