×
A
A
A
Sazlamalar

Növbəti ağacəkmə aksiyası və balıq buraxılışı tədbirləri keçirilib

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Oğuz Rayon İcra Hakimiyyətinin rəsmilərinin, İqtisad Universitetinin müəllim və tələbələrinin, İstisu kənd orta məktəbinin şagirdlərinin iştirakı ilə Şahdağ Milli Parkının ərazisində bir sıra tədbirlər keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə tədbir iştirakçıları milli parkın İsmayıllı bölməsinin ərazisindən keçən Göyçay çayına 15 min ədəd çəkikimi balıq körpəsi buraxıb. Daha sonra qonaqlar zubr və maralların reintroduksiyası proqramları çərçivəsində milli parkın ərazisinə buraxılan zubr və marallara baxış keçiriblər.
Xidmət rəisinin sözlərinə görə, tədbir iştirakçıları ötən il Qəbələnin Tikanlı kəndində baş vermiş meşə yanğınından sonra meşəbərpa işləri aparılan əraziyə baxış keçirib, pöhrələrin vəziyyəti ilə yerində tanış olublar.
Bildirilib ki, tədbirin davamı olaraq qonaqların iştirakı ilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyliyinin ərazisində ağacəkmə aksiyası keçirilib.

 

 

Ekologiya 2023-04-28 18:30:00