×
A
A
A
Sazlamalar

Quanyuy Çjou: Bakı trası öz gözlənilməzliyi ilə rəğbətimi qazanıb

Bakı, 26 aprel, AZƏRTAC

Avstraliyada bu mövsümdə ilk xallarımı qazandım və bu da mənə əlavə motivasiya verir. Yürüşlər arasındakı üçhəftəlik fasilədən əvvəl mənə məhz bu lazım idi. Lakin bu günlər tətil deyildi – biz inadla çalışmağa davam edirdik. Mən komandanın bazasında simulyatorda işləyirdim. Axı qarşıdakı yürüşlərdə irəliləyişə nail olmaq üçün biz sürəti artırmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Alfa Romeo” komandasının pilotu Quanyuy Çjou deyib.
“Bakı trası öz gözlənilməzliyi ilə rəğbətimi qazanıb. Biz nəzərə almalıyıq ki, şənbə sprinti əlavə risk elementləri gətirir. Mən Melburnda xoşagəlməz hallara yol verməyərək, yürüşdə əminliklə mübarizə apardım, eyni tərzdə bunu davam etdirməyə hazıram. Bu səbəbdən mən mükafat onluğunda yenidən finiş etmək əzmindəyəm. Trasda mübarizə bu il bütün yürüşlərdəki kimi çox sıx olacaq və saniyənin hər ondabir hissəsi nəticədə özünü göstərə bilər, lakin bizim yaxşı çıxış etmək imkanımız var”, - deyə pilot vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-də start götürəcək, iki təsnifat və iki yarış yürüşü ilə yeni formatda keçiriləcək.

Formula-1 2023-04-26 17:17:00