×
A
A
A
Sazlamalar

Şahin Rəhmanlı: Formula 1 yarışları Azərbaycanın idman ölkəsi kimi nüfuzunu gündən-günə artırmaqdadır

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 28-dən 30-dək Bakı şəhərində baş tutacaq Formula 1 yarışları Azərbaycanın idman ölkəsi kimi nüfuzunu gündən-günə artırmaqla yanaşı, turizm potensialının təbliğində də güclü rol oynayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.
“Qeyd olunmalıdır ki, bu, ölkəmizdə ilk dəfə təşkil olunan idman tədbiri deyil. Son illər ərzində respublikada İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Avropa Gənclər Olimpiya Festivalı və digər mühüm beynəlxalq tədbir və yarışların icrası uğurla həyata keçirilib. Xüsusilə, bu kimi tədbirlərdə təşkilatçılığın yüksək səviyyədə qurulması Azərbaycanın gücü, onun iqtisadi potensialı və yüksək təşkilatçılıq bacarığına malik idman ölkəsi olduğunu bir daha sübuta yetirir.
Həmçinin mövcud statistikaya nəzər yetirsək, Azərbaycanda Formula 1 turnirinin uğurlu şəkildə təşkil olunduğunun da şahidi ola bilərik. Belə ki, “Gözlənilməzə hazır ol” şüarı altında keçiriləcək Qran-Pri yarışlarında 100-dən çox ölkə azarkeş kimi təmsil olunacaq. Habelə yarışlara biletlərin qısa müddətdə satılması həm yerli, həm də beynəlxalq auditoriyada Formula 1 Azərbaycan Qran-Prisinə olan yüksək maraq və diqqətin göstəricisidir”, - deyə Ş.Rəhmanlı bildirib.
Yarışlara qatılan xarici azarkeşlər Azərbaycanın tarixi, mədəniyyət və incəsənəti haqqında geniş məlumat əldə etmək imkanı qazanacaq ki, bu da ölkəmizin sosial-iqtisadi yüksəlişi baxımından təkanverici amillərdəndir. Qeyd edək ki, dünyada Azərbaycan artıq qalib ölkə kimi tanınır və ikinci ildir ki, Formula 1 turniri fərqli statusda keçiriləcək. Bununla yanaşı, hər il bir milyarddan çox izləyici kütləsinə çatan Formula 1 üzrə Azərbaycan Qran-Prisi bu il də dünyanın nüfuzlu idman kanalları və informasiya agentlikləri tərəfindən işıqlandırılacaq ki, bu da ölkəmizin dünyada təbliği baxımdan olduqca əhəmiyyətlidir.
“Bir məqam da nəzərə alınmalıdır ki, ölkəmizdə bu kimi beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycan gəncləri aktiv fəaliyyəti ilə yaxından iştirak edir. Gənclər yarışlar müddətində müxtəlif vəzifələrdə çalışaraq yeni təcrübələr əldə edir, nəzəri və praktiki təlimlərdə iştirak etməklə öz bacarıqlarını təkmilləşdirirlər. Bu il Formula 1 yarışlarında ümumilikdə minlərlə könüllü gəncin iştirakı nəzərdə tutulur ki, bu da beynəlxalq idman tədbirlərinin təşkilində gənclərin əhəmiyyətli rolunu bir daha ortaya qoyur”, - deyə İB sədri qeyd edib.

Formula-1 2023-04-25 16:46:00