×
A
A
A
Sazlamalar

Bakı şəhərinə ilk elektrik mühərrikli avtobus gətirilib

Bakı, 19 aprel, AZƏRTAC

Vətəndaşların rahatlığı, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə ötən 7 ildə paytaxtın avtobus parkının 61 faizi yenilənib. Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə 1044 ədəd orta və iritutumlu müasir sərnişin avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
BNA sədri qeyd edib ki, gündəlik təxminən 650 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edir.
Yeni alınan avtobusların 76 faizi “Avro 6” standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli qərarına əsasən paytaxtda müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobuslar sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli nəqliyyat vasitələri ilə əvəz edilməlidir. Bu yanaşma şəhərin ətraf mühitinin qorunması və havanın çirklənməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
V.Kərimli əlavə edib ki, bu çərçivədə tədbirlərin davamı olaraq Bakı şəhərinə ilk elektrik mühərrikli avtobus gətirilib. Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin BYD şirkətindən test məqsədilə alınan bir ədəd elektrik avtobusu 12 metrlikdir. Otuz üç sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kVts olan avtobus tam enerji dolumunda 350 kilometr məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
Vüsal Kərimlinin sözlərinə görə, test müddətində elektrik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılacaq. Testin nəticələrinə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcək.
Qeyd edib ki, Avropada təmiz, alternativ yanacaqlı avtobusların genişmiqyaslı tətbiqini təşviq etmək üçün Təmiz Avtobus Bəyannaməsi (BUS 2025) imzalanıb. Belə ki, dünya yollarında hərəkət edən avtobusların təqribən yarısı növbəti 5 il ərzində tamamilə elektrik avtobuslara keçidi planlaşdırılır.

Nəqliyyat 2023-04-19 14:56:00