×
A
A
A
Sazlamalar

Meyvələrin qabıqlı yeyilməsi daha faydalıdır

Bakı, 15 aprel, AZƏRTAC
Meyvə-tərəvəzlərin qabıqlarının faydalı olması hər kəsə məlum olsa da, əksər hallarda onun qabığını soyandan sonra istehlak edirlər. Doğrudur, elə meyvələr var ki, onun qabığını birbaşa yemək olmaz. Lakin elələri də var ki, onu soymağa ehtiyac yoxdur.
AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Ofeliya Tahirova deyib: “Meyvə və tərəvəzin qabıqlı şəkildə yeyilməsi çox faydalıdır. Gündəlik istifadə edilən meyvə-tərəvəzlər tam orqanik şəkildə yetişibsə, onların qabıqlı halda yeyilməsi məsləhətdir, çünki orqanizm üçün faydalı sayılan lif qatı qabığın üzərində daha çox olur”.
Meyvə-tərəvəzlərin qabığında müxtəlif vitaminlər olur. Məsələn, kartof qabığı S və B6 vitaminləri, fosfor və maqneziumla zəngindir, limon qabığı ürəyə faydalıdır, eyni zamanda sinir sistemini sakitləşdirir.
Meyvə və tərəvəzləri qabıqlı şəkildə yemək bir çox xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Tərəvəzləri istənilən vaxtda, meyvələri isə günün birinci yarısında yeməyi məsləhət görən həkim-diyetoloq deyib: “Meyvə-tərəvəzlər artıq çəkiyə səbəb olmamaq baxımından ən alternativ qida məhsulu sayılır. Hər yeyilən yeməyin yanında tərəvəz porsiyası olmalıdır. Daha yaxşı olar ki, onun miqdarı yeməkdən az olmasın”.

Sağlamlıq klubu 2023-04-15 17:15:00