×
A
A
A
Sazlamalar

Web 3.0 - gələcəyin interneti

Bakı, 13 aprel, AZƏRTAC

“Web 3.0” mərkəzləşdirilməmiş və semantik arxitekturaya malik yeni nəsil internet texnologiyası hesab olunur. “Web 3.0” texnologiyasına bəzən gələcəyin interneti də deyilir.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Oqtay Ələkbərov məlumat verib.
O qeyd edib ki, bu texnologiya haqqında ilk dəfə “Web 2.0”ın banisi Tim O’Reilly fikir bildirib, 2010-cu ildə “NetScape” şirkətinin sahibi Jason Calacanis bu fikri konsepsiyaya çevirib. 2020-ci ildən isə “Web 3.0” texnologiyası daha geniş yayılmağa başlayıb.
O.Ələkbərov “Web x.0”ın təkamülündən bəhs edərək söyləyib ki, 1980-1999-cu illəri əhatə edən “Web 1.0” 2000-2020-ci illərdə “Web 2.0” ilə əvəz olunub. Onun sözlərinə görə, 2020-2030-cü illəri “Web 3.0”, 2030-2040-cı illəri isə “Web 4.0” texnologiyaları əhatə edəcək.
Daha sonra “Web 3.0” texnologiyasının əsas xüsusiyyətləri və tətbiq sahələri haqqında söhbət açan tədqiqatçı qeyd edib ki, burada blokçeyn və kriptoqrafiyadan istifadə edilir: “Web 3.0 semantik veb-infrastruktura, süni intellektə və s. malikdir. Bu texnologiya intellektual axtarış sistemləri, məlumat mübadiləsinin yüksək tezlikdə olması, yüksək maliyyə gəliri ilə özündən əvvəlkilərdən fərqlənir”.
O, “Web 3.0”ın tətbiq sahələri haqqında da məlumat verərək vurğulayıb ki, bunlara mərkəzləşdirilməmiş maliyyə platformaları (DeFiP), mərkəzləşdirilməmiş avtonom təşkilatlar (DAO), blokçeyn əsaslı ticarət platformaları, bulud texnologiyaları, sosial şəbəkə və multimedia platformaları aiddir.

Texnologiya 2023-04-13 14:50:00