×
A
A
A
Sazlamalar

BDU-nun daha bir komandası “TEKNOFEST-2023”ün finalında

Bakı, 13 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət “FALCON TECH” komandasının layihəsi “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanıb. Bununla da festivalın final mərhələsində BDU-nu təmsil edəcək komandaların sayı 6-ya yüksəlib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
“FALCON TECH” komandasının festivalın “Bəşəriyyətin xeyrinə texnologiya” bölməsinin “Fəlakətlərin idarə edilməsi” kateqoriyası üzrə finala vəsiqə qazanmış layihəsi “Qapalı məkanlarda yanğınları ilkin mərhələdə zərərsizləşdirən ağıllı robotun yaradılması" adlanır. Layihədə məqsəd yaradılacaq ağıllı robotun köməyi ilə qapalı məkanlarda baş verən yanğınların ilkin mərhələdə tez bir zamanda müəyyən edilməsi və yanğın sahəsinin genişlənmədən söndürülməsini icra etməkdir. Hazırlanan sistem məkanda istifadə olunan kameralar və lazer skanerin köməyi ilə yanğın baş verən ərazinin koordinatlarını dəqiqliklə müəyyən edərək ağıllı robota ötürəcək. Həmçinin, yanğın və tüstü aşkarlama xüsusiyyətinə malik sensor ilə təchiz olunacaq sistem hesabına yanğının ilkin mərhələdə detektə olunması həyata keçiriləcək və istifadə olunan kimyəvi tərkibli qaz komponentləri vasitəsilə yanğın sahəsinin böyümədən söndürülməsi prosesi icra olunacaq.
Xatırladaq ki, “TEKNOFEST-2023” Aviasiya, Kosmik və Texnologiya Festivalı aprelin 27-dən mayın 1-dək İstanbul şəhərində keçiriləcək.

Texnologiya 2023-04-13 11:12:00