×
A
A
A
Sazlamalar

Alonso apreldə istirahəti deyil, yürüşü üstün tutacaq

Bakı, 10 aprel, AZƏRTAC

Bu il Avstraliya və Azərbaycan mərhələləri arasında dörd həftəlik fasilə yaranıb. Bu, Formula 1 Çin Qran-Prisinin ləğv olunması ilə əlaqədardır. Lakin müxtəlif komandalar bu yaz tətilinə fərqli yanaşır.
AZƏRTAC xəbər verir ki, məsələn, Fernando Alonso bu fasiləyə ehtiyac duymur.
“Aston Martin” komandasının ispan pilotu bununla bağlı deyib: “Yox, mən yürüşü üstün tuturam, hərçənd, bu fasilədən istifadə edərək növbəti yürüşə daha yaxşı hazırlaşmaq və ilk üç mərhələni təhlil etmək olar”. Pilotu başa düşmək olar; axı o, artıq üç dəfə podiuma qalxıb və bu səbəbdən uğurlu çıxışlar silsiləsini davam etdirmək üçün səbirsizliklə gözləyir.
Bundan başqa, rəqiblərin bu fasilədən texnikanı modernləşdirmək üçün səmərəli istifadə edəcəyi ehtimalı böyükdür. “Aston Martin”in digər komandalara münasibətdə qazandığı üstünlük, “Red Bull Racing” istisna olmaqla, azala və ya ən azı əhəmiyyətli dərəcədə kiçilə bilər.
“Ferrari” komandasının pilotu Şarl Lekler bildirib: “Biz maşının yenilənməsini daha tez başa çatdırmaq və rəqabət qabiliyyətini artırmaq üçün imkan daxilində maksimum intensiv fəaliyyət göstərəcəyik”.
Əlbəttə, “Aston Martin” yerində saymaq istəmir, lakin bu komanda da başqaları kimi “AMR23” modernləşdirmə proqramını məhdud büdcə ilə uzlaşdırmaq məcburiyyətindədir.
“Aston Martin” komandasının şassilərin modernləşdirilməsi üzrə əməkdaşı Tom Makkalou bunu belə izah edib: “Büdcədə olan limit olmasaydı, biz arxa qanadın müxtəlif versiyalarını hazırlaya bilərdik. Ancaq indiki xərclərin fonunda maşını daha effektiv səviyyəyə çatdırmaq üçün üsullar axtarmalı oluruq. Əlbəttə, arxa qanadın yeddi və ya səkkiz variantını hazırlamaq daha asan olardı. Bu, təsnifat və yürüş zamanı optimal nəticələr əldə etməyə imkan verərdi. Lakin məhdud büdcə ilə bunu etmək mümkün deyil.
Bu il də bizim üçün “Ferrari” və “Mercedes”in edə biləcəyi kimi, maşınların hazırlığını tam təmin etmək çox çətin olacaq, lakin hər həftə planlarımıza uyğun şəkildə hərəkət edəcəyik. Beləliklə, bütün səylərimizi buna yönəldəcəyik”.

Formula-1 2023-04-10 18:06:00