×
A
A
A
Sazlamalar

AZAL “AITF-2023” sərgisində hər kəsi öz stendini ziyarət etməyə dəvət edir

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) “AITF-2023” 19-cu Beynəlxalq “Turizm və səyahət” sərgisində iştirak edir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərgi aprelin 4-dən 6-dək Bakıda keçirilir.
Sərgidə AZAL aviaşirkəti və Heydər Əliyev Beynəlxalq Aeroportu birgə stendi təqdim edir. Burada ziyarətçilər AZAL-ın fəaliyyəti - “Azərbaycan Hava Yolları”nın donanmasının yenilənməsi, uçuş coğrafiyasının genişləndirilməsi, tez-tez uçan sərnişinlər üçün “AZAL Miles” proqramı, habelə aviaşirkətin və hava limanının təqdim etdiyi digər xidmətlər haqqında dolğun məlumat əldə edə bilərlər.
Aviaşirkətin nümayəndələri, həmçinin yeni əlaqələrin qurulması və məhsuldar əməkdaşlığın genişləndirilməsi məqsədilə yerli və xarici turizm bazarının peşəkarları ilə görüşməyi planlaşdırırlar.
Bundan əlavə, AZAL stendində ziyarətçilər hər gün pulsuz aviabilet qazanmaq üçün lotereyada iştirak edə biləcəklər.
AITF turizm bazarının aparıcı oyunçularını bir meydanda toplayan regionun turizm sektorunda ən böyük sərgidir. Sərgi çərçivəsində biznesin inkişafı, potensial tərəfdaşların cəlb edilməsi və əməkdaşlıq üfüqlərinin genişləndirilməsi üçün platforma olacaq əlavə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Turizm 2023-04-04 21:34:00