×
A
A
A
Sazlamalar

Nərmin Xəlilova: Sərgi iştirakçılarının stendimizi ziyarət etməklə yanaşı, aviabilet qazanmaq şansları da var

Bakı, 4 aprel, Emil Məlikov, AZƏRTAC

Bu gün Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi açılıb. “Azərbaycan Hava Yolları” QSC artıq bir neçə dəfədir ki, bu mötəbər sərgidə iştirak edir. Turizm sərgisində bu dəfə AZAL və Heydər Əliyev adına Beynəlxalq Hava Limanının birgə stendi təqdim olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AZAL-ın mətbuat katibi Nərmin Xəlilova deyib.
“Sərgidə ziyarətçilər stendimizdə AZAL-ın uçuş istiqamətləri, mütəmadi olaraq genişlənən uçuş coğrafiyamız barədə məlumatlar əldə etmək imkanına sahibdirlər. Bundan əlavə, sərgi iştirakçılarının stendimizi ziyarət etməklə yanaşı, aviabilet qazanmaq şansları da var. Belə ki, sərgi çərçivəsində AZAL-ın stendinə maraq göstərən ziyarətçilər üçün burada müsabiqə təşkil edilir, həmin müsabiqədə iştirak etməklə ziyarətçilər aviabilet qazanmaq imkanı əldə edirlər. Hər bir sərgi günündə müsabiqə iştirakçıları arasından bir nəfər seçilərək qalib olan şəxsə bir aviabilet hədiyyə olunacaq. Bu uduşlu biletlər həm ölkədaxili, həm də xarici uçuşlar üçün nəzərdə tutulub. Sözsüz ki, seçim qalib gələn ziyarətçinin öhdəsinə buraxılır”, - deyə N.Xəlilova qeyd edib.

Turizm 2023-04-04 16:56:00