×
A
A
A
Sazlamalar

Fuad Nağıyev: 2026-cı ildə xarici turist sayını 4, yerli turist sayını isə 6 milyona çatdırmağı hədəfləyirik

Bakı, 4 aprel, AZƏRTAC

Xarici və daxili turizmin inkişafı bizim üçün eyni dərəcədə əhəmiyyətlidir. Xarici turistlərin ölkəmizə aktiv və səmərəli fəaliyyətini dəstəkləyirik. Hazırda əsas hədəfimiz pandemiyadan əvvəlki rəqəmləri bərpa edib, əvvəlkindən də çevik fəaliyyəti təmin etməkdir. Ötən il 1,6 milyon xarici ölkə vətəndaşını ziyarətçi kimi qəbul etmişik. Bu, pandemiyadan əvvəlki rəqəmlərin 50 faizinə bərabərdir. 2026-cı ildə xarici turist sayını 4, yerli turist sayını isə 6 milyona çatdırmağı hədəfləyirik.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisinin açılışında deyib.
O bildirib ki, bu cür sərgilər sənayenin şəbəkələşməsi və yeni əlaqələri baxımından önəmlidir: “Həmçinin ÜDM-də turizmdən gələn gəlirin 1,5 dəfə artacağını, turizm sektorunda 20 faiz artım olacağını proqnozlaşdırırıq. Əsas məqsəd Azərbaycanı dayanıqlı, keyfiyyətli turizm destinasiyası kimi tanıtmaqdır. Bu istiqamətdə Azərbaycan Turizm Bürosu tərəfindən genişmiqyaslı işlər görülür”.

Turizm 2023-04-04 14:52:00