×
A
A
A
Sazlamalar

Bahar mövsümündə ziyarət üçün dünyanın ən gözəl şəhərlərinin siyahısı açıqlanıb

Bakı, 3 aprel, AZƏRTAC

Niderlandın paytaxtı Amsterdam şəhəri bahar mövsümündə səyahət etmək üçün dünyanın ən gözəl şəhəri adlandırılıb.
AZƏRTAC xəbər verir ki, reytinqdə liderlik edən Amsterdam artıq bir neçə ildir ki, ifrat sayda turist axınına qarşı fəal kampaniya aparır.
“Express” nəşri “Bounce” turizm tətbiqinin keçirdiyi tədqiqatın nəticələrinə istinadla yazır ki, reytinqin tərtibi zamanı orta yağıntı miqdarı, temperatur və bahar mövsümündə bu və ya digər şəhərdə nə ilə məşğul olmağın mümkün olduğu araşdırılıb.
Baharda dünyanın ən gözəl və ziyarət edilməli şəhərlərinin onluğu belədir: Amsterdam (Niderland), London (İngiltərə), Praqa (Çexiya), Pekin (Çin), Roma (İtaliya), Las-Veqas (ABŞ), Paris (Fransa), Vyana (Avstriya), Melburn (Avstraliya) və Los-Anceles (ABŞ). Amsterdam siyahıda bahar fəslinə təsadüf edən çox sayda tədbir və bayramların sayəsində liderlik edir. Misal üçün, aprelin 27-si Kral günündə insanlar Kral Villem-Aleksandrın doğum gününü qeyd etmək üçün narıncı rəngdə paltar geyinərək gecə gec saatlaradək rəqs edirlər.
Bahar, həmçinin Kekenxof Kral parkında nəfəs kəsən lalə sahələrini ziyarət etmək üçün də ilin çox uyğun fəslidir. Bu parka paytaxtdan gəlmək çox asandır.
Bundan başqa, baharda Amsterdamda şəhər parklarında pikniklər çox populyardır. Xüsusən şəhər sakinləri və turistlər Vondel parkında yığışmağı çox xoşlayır.
Amsterdamın turistlər arasında ən populyar Avropa şəhərlərindən biri olduğuna baxmayaraq, şəhərin özü qonaqlara, ən azından, ilk növbədə, böyüklər üçün əyləncələrlə cəlb olunanlara, o qədər də şad deyil.
Bundan əlavə, artıq 2023-cü il mayın ortasından Amsterdamda turistlər üçün yeni davranış qaydaları qüvvəyə minəcək.

Turizm 2023-04-03 20:21:00