×
A
A
A
Sazlamalar

Moldovada keçirilən dəyirmi masada ermənilərin soyqırımı siyasəti pislənilib

Kişineu, 3 aprel, AZƏRTAC

Moldovanın paytaxtı Kişineudakı “KEDEM” Yəhudi Mədəniyyət Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan səfir Qüdsi Osmanov dəyirmi masa iştirakçılarına 1918-ci ilin martında baş vermiş soyqırımı aktı nəticəsində 20 min dinc azərbaycanlının təkcə etnik mənsubiyyətinə görə erməni millətçiləri tərəfindən qətlə yetirilməsi, azərbaycanlılara məxsus evlərin, abidələrin, məscid və qəbiristanlıqların dağıdılması və yandırılması barədə məlumat verib. Diplomat, həmçinin Qərbi Azərbaycanda yaşayan, erməni-bolşevik dəstələri tərəfindən soyqırımına məruz qalan azərbaycanlılara da toxunub. Qeyd edilib ki, 1948-1952, 1987-1991-ci illərdə aparılan etnik təmizləmələr nəticəsində azərbaycanlılar hazırkı Ermənistan ərazisindən tamamilə qovulub. Səfir Qərbi Azərbaycan İcmasının haqlı olaraq beynəlxalq ictimaiyyətdən bu ərazilərdən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmalarının təmin edilməsi və bunun üçün şəraitin yaradılmasını, habelə Azərbaycanın dağıdılmış mədəni irsinin bərpasını tələb etdiyini bildirib.
Moldova parlamentinin deputatı, parlamentlərarası dostluq qrupunun Moldova tərəfindən rəhbəri Vitali Jakot çıxışında bu ölkədə yaşayan müxtəlif xalqlar arasında hökm sürən tolerantlıq və mədəniyyətlərarası həmrəylikdən danışıb. O, bunun millətlərarası toqquşmaların və irqlərarası nifrətin qarşısını almaq üçün vacib şərti olduğunu vurğulayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı çoxsaylı dağıntıların və xarabalıqların şahidi olduğunu söyləyən deputat regionda bütün xalqların rifahı naminə davamlı sülhün və firavanlığın bərqərar olması üçün məsələlərin tezliklə həllini tapmasını arzulayıb.
Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Elçin Bayramov 1918-ci ildə dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımının erməni silahlı dəstələri tərəfindən 1992-ci ildə Xocalıda yenidən həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, diasporun vəzifələrindən biri bu faciəli hadisələrə ədalətli hüquqi qiymətin verilməsi üçün onlar barədə geniş məlumatların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Konqresin nümayəndəsi Maarif Rəhimov çıxışında dəyirmi masa iştirakçılarına erməni faşisti Qaregin Njdenin cinayətlərindən danışıb, faşizmi tərənnüm etməyin təhlükəli və yolverilməz olduğunu qeyd edib.
Tədbirdə, həmçinin Azərbaycan diasporunun nümayəndələri və üzvləri Yasin Seyid, Anna Pinzaru, Bayram Hocayev və digərləri çıxış ediblər.
Eyni zamanda, “KEDEM” Yəhudi Mədəniyyət Mərkəzində 1918-ci il 31 mart soyqırımına həsr olunmuş sərgi təşkil edilib.
Tədbir yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

31 mart 2023-04-03 12:02:00