×
A
A
A
Sazlamalar

31 Mart soyqırımı - Azərbaycan xalqının qanlı faciəsi

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Azərbaycan xalqının qanlı faciəsi” mövzusunda tədbir keçirildi.
AZƏRTAC xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 31 Mart soyqırımı hadisələrinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirib. Diqqətə çatdırıb ki, 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilib. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə amansız üsullarla məhv edilib, günahsız insanlar dəhşətli işgəncələrə məruz qalıblar. Eyni zamanda, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı qurbanlarının xatirəsini anmaq məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sənədə əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Vüqar Rəhimzadə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının erməni vəhşiliyinin növbəti təzahürü olduğunu qeyd edib.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı 31 Mart soyqırımı gerçəklərindən və bu qanlı faciədən alacağımız dərslərdən bəhs edib. Alim ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini bildirib. Vurğulayıb kı, Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın xalqımızın tarixinə qanlı hərflərlə yazılıb.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev ermənilərin tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiklərini, bununla bərabər tarixi saxtalaşdıraraq özlərinə uydurma tarix yazdıqlarını diqqətə çatdırıb. Deyib ki, hər zaman Azərbaycan dövlətinin tarixi həqiqətlərə, faktlara əsaslanan təbliğatı qarşısında aciz duruma düşən ermənilər 44 günlük İkinci Qarabağ müharibəsində diz çökdürüləndə özgə torpaqlarına göz dikməyin nəticəsini gördülər.
AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov Azərbaycan xalqına xas olan xüsusiyyətin – bağışlamağın bəzən yaratdığı problemlərdən danışıb. Qeyd edib ki, unutqan olmamalı, ermənilərin tarixən başımıza gətirdikləri faciələri indiki və gələcək nəsillərə çatdırmalıyıq.
Digər çıxış edənlər - 138 saylı məktəbin direktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli, şəhid polkovnik-leytenant Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov və şəhid, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov bildiriblər ki, artıq şəhidlərimizin, soyqırımı qurbanlarının ruhları şaddır. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin və bu xəttin son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində qazanılan Zəfər nəticəsində Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan Bayrağı dalğalanır.

31 mart 2023-03-31 19:50:00