×
A
A
A
Sazlamalar

Bolqarıstan mətbuatı azərbaycanlılara qarşı soyqırımı ilə bağlı məlumatları işıqlandırılıb

Bakı, 31 mart, AZƏRTAC

1918-ci il martın 30-31-də erməni silahlı dəstələrinin sovet bolşeviklərinin dəstəyi ilə azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə məlumatlar Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.
Ölkəmizin Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu ölkənin aparıcı xəbər agentlikləri 105 il bundan əvvəl Azərbaycanın Bakı, Şamaxı, Quba və digər şəhər-rayonlarında on minlərlə günahsız azərbaycanlı mülki şəxsin qətlə yetirildiyi, yaşayış məntəqələrinin viran qoyulduğu və dini-mədəni abidələrin məhv edildiyi barədə məlumatlar yayıb. Təqdim olunan məlumatlarda ermənilərin bu vəhşilikləri Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Lənkəran və digər regionlarında davam etdirdikləri bildirilib.
Bolşeviklərin Qafqazda komissarı olan erməni əsilli Stepan Şaumyanın azərbaycanlılara və Azərbaycanda yaşayan yəhudilərə, almanlara və digər etnik qruplara qarşı kütləvi qırğınların Bakı Soveti və erməni millətçilərinin silahlı dəstələri tərəfindən törədildiyini etiraf etdiyi də yayılan məlumatlarda qeyd olunub.
Həmçinin 2007-ci ildə Quba rayonunda tapılmış kütləvi məzarlıqda üç mindən çox dağ yəhudisinin ermənilər tərəfindən qəddarcasına qətlə yetirildiyinin aşkarlanması, 1918-ci ilin mart-aprel aylarında Qubanın 200 kəndinin yerlə-yeksan edildiyi, 20 mindən çox yerli dinc əhalinin öldürüldüyü barədə də məlumat verilib.
Bu qanlı cinayətlərin müvafiq siyasi qiymətinin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra alındığı və 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyi bolqar oxucuların diqqətinə çatdırılıb.

31 mart 2023-03-31 18:53:00