×
A
A
A
Sazlamalar

Lənkəranda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib

Lənkəran, 31 mart, İlkin Adıyev, AZƏRTAC

Lənkəran şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Lənkəran şəhərinin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidə önünə tər güllər düzülüb, soyqırımı zamanı qətlə yetirilən minlərlə dinc azərbaycanlının xatirəsi dərin hüzn və ehtiramla anılıb.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə gün ərzində rayon ictimaiyyəti tərəfindən ziyarət olunub.
Şəhərdə yerləşən bütün idarə və təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırımla bağlı anım mərasimləri, sərgilər, dəyirmi masalar, ümumtəhsil məktəblərində soyqırımına həsr olunan dərslər keçirilib.
Qeyd edək ki, Bakı Soveti və daşnak erməni dəstələri 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Lənkəran, Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlıları kütləvi şəkildə amansızlıqla qətlə yetiriblər. Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Viravul, Girdəni, Cil, Osakücə, Darquba, Gərmətük və Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Lənkəran və ətraf rayonlarda, ümumilikdə 40-dək yaşayış məntəqəsi yerlə-yeksan edilib, 2000-dən çox dinc sakin amansızlıqla qətlə yetirilib.

31 mart 2023-03-31 18:17:00