×
A
A
A
Sazlamalar

Mart soyqırımı XX yüzilliyin ən faciəli hadisəsidir

Bakı, 31 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının, dövlətimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
FHN Akademiyasının rəisi general-mayor Baba Salayev erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlardan ətraflı bəhs edib, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıb. Qeyd olunub ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə siyasəti nəticəsində on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilib.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları ilk dəfə rəsmi şəkildə bəyan olunub. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında” 2009-cu il 30 dekabr tarixli Sərəncam Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atılan mühüm addımdır. Akademiya rəisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tarixi ilə bağlı həqiqətlərin, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən də danışıb.
Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.

31 mart 2023-03-31 18:14:00