×
A
A
A
Sazlamalar

Ermənilər həmişə digər xalqlara qarşı məkrli mövqe nümayiş etdiriblər

Bakı, 31 mart, AZƏRTAC

Heç vaxt bir millət və xalq kimi formalaşmağı bacarmayan ermənilər həmişə digər xalqlara qarşı məkrli, düşmən mövqeyi nümayiş etdiriblər. Dövlətçilik prinsiplərindən uzaq, tayfa təfəkkürünü adlaya bilməyən haylar qədim Azərbaycan torpaqlarına köçürüldükdən sonra azərbaycanlılara qarşı havadarlarının köməyi ilə vəhşiliklər, cinayətlər törətməyə başladılar.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva söyləyib.
O bildirib ki, ermənilər hər zaman dünyada baş verən əlverişli tarixi proseslərdən istifadə edərək uydurduqları “böyük Ermənistan” ideyalarını gerçəkləşdirmək üçün azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə həyata keçiriblər. XIX əsrdə çar Rusiyası tərəfindən İrandan Azərbaycan ərazilərinə köçürülən ermənilər 1905-ci ildə soydaşlarımıza qarşı böyük qətliamlar törətdilər. Sonrakı illərdə də ermənilər azərbaycanlılara qarşı vəhşiliklər törətməkdə davam etdilər. 1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Qarabağda, Zəngəzurda, Şamaxıda, Qubada on minlərlə soydaşımız ermənilər tərəfindən soyqırımına məruz qalıb. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı qüvvələri Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər qəzalarda misli görünməmiş vəhşiliklər, kütləvi qırğınlar törətmişlər. 1918-ci ilin 30 mart tarixindən 3 aprel tarixinədək Bakı şəhərində, Qarabağda, Naxçıvanda və digər ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz yurd yerlərindən qovulublar.
“Mart soyqırımı tək Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayətlərdən biri oldu. Ermənilər azərbaycanlılarla yanaşı, bu ərazilərdə yaşayan minlərlə ləzgi, yəhudi, avar, rus millətindən olan insanları da qətlə yetiriblər. Ermənilər soydaşlarımızı qətlə yetirməklə yanaşı, dini, mədəni-tarixi abidələrimizi də dağıdaraq yerlə-yeksan ediblər. 1918-ci il mart ayının 31-dən başlayaraq Bakı Sovetinin və "Daşnaksütyun" partiyasının 10 minədək silahlı dəstələri Bakı şəhərinin azərbaycanlılar yaşayan məhəllələrinə hücum edərək qocaları, qadınları, uşaqları belə vəhşicəsinə öldürüblər. Şamaxı və Quba rayonlarında da ermənilər azərbaycanlıları xüsusi amansızlıqla qətlə yetiriblər.
Ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı siyasətinə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. 2007-ci ildə Qubada tikinti işlərinin aparılması ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqlar aşkar edilib. Məzarlıqda 500-dək uşaq və qadının da olduğu insan kəlləsi aşkarlanıb. Aparılan tədqiqatlar bunların 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş insan kəllələri olduğunu təsdiqləyib. Qubada törədilmiş bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillərin yaddaşlarında qorunub saxlanılması məqsədilə Prezident İlham Əliyev "Soyqırımı Memorial Kompleksi”nin yaradılmasına qərar verib”, - deyə K.Əliyeva qeyd edib.
O deyib: “Prezident İlham Əliyev erməni-bolşevik dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdiyi soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalayıb. Özlərini dünyaya yazıq, məzlum xalq kimi təqdim etmək istəyən ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı hansı vəhşiliklər törətdiklərini bütün dünya bilməlidir.
Dövlətimizin başçısı çıxış etdiyi beynəlxalq tribunalardan tarixi faktlar əsasında bütün dünyaya ermənilərin əsl xislətini, eləcə də müasir Ermənistan dövlətinin işğalçı bir dövlət olduğunu dəfələrlə bildirib”.

31 mart 2023-03-31 11:27:00