Qubada aşkar olunmuş kütləvi məzarlıq xalqımıza qarşı törədilmiş soyqırımın dəhşətlərini özündə əks etdirir
Bakı, 30 mart, AZƏRTAC
Tarixin müxtəlif mərhələlərində erməni millətçiləri mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talışları da qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar. Ermənilər tərəfindən 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə qətliamlar törədilib. Amma sovetlər dönəmində bu faktlar gizlədilib və ya təhrif olunmuş şəkildə təqdim olunub. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında hifz edilməsinə, xalqın öz tarixindən ibrət dərsi götürməsinə imkan verilmirdi. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiyaya, etnik təmizləməyə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı.
F.Yıldırımın sözlərinə görə, yalnız müstəqillik illərində keçmişimizin həqiqi mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq: “Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr "ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilib və 31 Mart "Azərbaycanlıların Soyqırımı günü” elan edilib. Bu Fərmana əsasən ölkəmizdə hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, soyqırımı qurbanları anılır.
“Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı "Xocalı soyqırımı günü” elan olunub. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində aparılan işlər sayəsində faciə ilə bağlı faktlar geniş beynəlxalq ictimaiyyətə çatdırılıb. Xalqımıza qarşı törədilmiş soyqırımın unutdurulmaması və gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə genişmiqyaslı işlər görülür. Məhz bunun nəticəsidir ki, dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları ilə bağlı ətraflı məlumatlandırılır, gerçək həqiqətlər təqdim olunur. “Bu baxımdan, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu Kompleks erməni cəlladlarının yüzlərlə günahsız insanı qətlə yetirib quyulara doldurduğu yerdə ucaldılıb. 2013-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir. Kompleks ermənilərin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Düşünürəm ki, hər birimiz gerçək həqiqətlərin gələcək nəsillərə çatdırılmasında fəal iştirak etməliyik. Çünki soyqırımın unudulmaması və törədilmiş faciələrin gələcək nəsillərə ötürülməsi çox vacibdir”, - deyə deputat vurğulayıb.
O deyib ki, erməni millətçiləri soyqırımları törətməklə Azərbaycan xalqını sarsıtmaq, torpaqlarımızı zorla ələ keçirmək məqsədi güdsələr də, ağır faciələr xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib. Azərbaycan Ordusunun Ermənistan qoşunlarının hərbi təxribatlarına verdiyi layiqli cavab, işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycanın nəyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdi. Ermənilər uzun illərdir ki, uydurma “erməni soyqırımı”nı dünyada təbliğ etməyə çalışırlar. Amma tarixi faktlar sübut edir ki, əsl soyqırımını ermənilərin özləri törədib. Bütün dünyaya bu millətin gerçək xarakterini göstərmək lazımdır. Çünki erməni vandalları hər zaman dinc, günahsız insanları acımasızca qətl ediblər.
Deputatın sözlərinə görə, Qubada aşkar olunmuş kütləvi məzarlıq, Xocalı qətliamı xalqımıza qarşı törədilmiş soyqırımlarının dəhşətlərini özündə əks etdirir. Qırx dörd günlük Vətən müharibəsində də Bərdə və Gəncəyə olunmuş raket hücumları nəticəsində günahsız insanların qətl edilməsi ermənilərin terrorçu mahiyyətinin dəyişmədiyini göstərdi.
Mart soyqırımı qurbanlarının xatirəsi Gürcüstanda yad edilib
“TRT TÜRKÜ” radio kanalında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı proqram yayımlanıb
Misirli jurnalist Azərbaycanlıların Soyqırımı Günü haqqında məqalə yazıb