×
A
A
A
Sazlamalar

Azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı xalqımızın XX əsr tarixinin ən qanlı səhifələrindən biridir

Bakı, 30 mart, AZƏRTAC

AMEA-nın Azad Həmkarlar İttifaqı ilə birgə A.A.Bakıxanov adına Tarix İnstitutunda 1918-ci il mart soyqırımının 105-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Dəyirmi masada Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov erməni millətçiləri tərəfindən 1918-ci ilin mart-may aylarında xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin əsl mahiyyətindən danışıb. Bildirib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı xalqımızın XX əsr tarixinin ən qanlı səhifələrindən biridir. Həmin hadisələr zamanı 50 min azərbaycanlı qətlə yetirilib.
Daha sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov bildirib ki, son 20 ildə Tarix İnstitutunun əməkdaşları Azərbaycan dövlətinin tarixi haqqında kifayət qədər əsərlər hazırlayıblar. Bu əsərlərdə tariximiz obyektiv şəkildə işıqlandırılıb. 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatı bununla bağlı qətnamə qəbul edib. 1948-ci ildən soyqırımı törədənlərə cəzalar tətbiq edilməyə başlanılıb, çox sayda cinayət məhkəmələri təşkil olunub.
Professor Habil Qurbanov Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Ulu Öndərin bu Fərmanı ilə erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinə siyasi-hüquqi qiymət verildiyini söyləyib. Bununla da XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə indiki və gələcək nəsillərdə milli yaddaş formalaşdırılıb.
“Hər bir azərbaycanlının əsas vəzifəsi güclü dövlət naminə tariximizə etinasızlıq göstərməmək, onu dəqiq öyrənmək və ondan ibrət dərsi çıxarmaqdır. Azərbaycanlılara qarşı törədilmiş soyqırımının tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının yaşadığı acı hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi vacibdir”, - deyə o vurğulayıb.
Sonra tarix üzrə fəlsəfə doktorları Vasif Qafarov, Kamran İsmayılov və Cəbi Bəhramov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıblar. Qeyd edilib ki, 1918-ci ildə ermənilər azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə qanlı qırğınlar törədiblər.

Elm və təhsil 2023-03-30 17:57:00