×
A
A
A
Sazlamalar

Səbail rayonunda 31 Mart soyqırımı ilə əlaqədar anım tədbiri təşkil olunub

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 31 Mart soyqırımı hadisələrinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirib. Qeyd edib ki, gənc nəsil, cəmiyyətimizin gələcək nümayəndələri o hadisələrdən nəticə çıxarmalı və oxşar faciələrin təkrarlanmasına imkan verməməlidirlər.
YAP rayon təşkilatının sədri diqqətə çatdırıb ki, süquta uğramış çarizmin xarabalıqları üzərində elan edilmiş Azərbaycanı həzm edə bilməyən, bolşeviklərin planları ilə qurulmuş Bakı Sovetinin daşnak təfəkkürlü rəhbərliyinin iradəsi ilə 1918-ci ildə törədilən qırğınlar soyqırımı idi. Bakıda, sonra isə Quba, Lənkəran və Şamaxıda həyata keçirilən soyqırımı aktlarında 30 mindən çox azərbaycanlının amansızcasına qətlə yetirildiyini qeyd edən Muxtar Nağıyev bu qətliamın milli və dini mənsubiyyətə görə törədildiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini söyləyib. O, Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, 31 Mart soyqırımının Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən ilk dəfə dövlət səviyyəsində qeyd olunduğunu bildirib.
ADPU tarix fakültəsinin baş müəllimi Cəfər Xanəliyev isə Azərbaycan tarixində, hətta dünya miqyasında misli görünməmiş bu cinayətləri kəskin tənqid edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında 31 Mart soyqırımının anılmasının əhəmiyyətinin vacibliyini vurğulayıb.

31 mart 2023-03-30 17:27:00