×
A
A
A
Sazlamalar

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri qan yaddaşımızda silinməz iz qoyub

Bakı, 30 mart, AZƏRTAC

1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı aktı törədiblər.
Mənbələrə əsasən, soyqırımı nəticəsində təkcə Bakı şəhərində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, bütövlükdə Cənubi Qafqazda 50 min nəfərdən çox türk-müsəlman əhali məhv edilib, on minlərlə insan itkin düşüb. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu dəhşətli faciənin ildönümü günləri, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə ümummilli matəm günü kimi qeyd edilib. Sovet dövründə proletar beynəlmiləlçiliyini təbliğ edən rejim onu unutdurmağa və xalqın hafizəsindən silməyə çalışsa da buna nail ola bilməyib. Hadisələrə həqiqi siyasi qiymət verilməsi isə Azərbaycan müstəqil olduqdan sonra mümkün olub. Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 1998-ci ildən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova söyləyib. K.Nəcəfova bildirib ki, 1918-ci il mart ayının 30-da bolşevik-daşnak hərbi dəstələri Bakı şəhərinin türk-müsəlman əhalisinə qarşı genişmiqyaslı hücum edərək soyqırımı həyata keçirməyə başladılar. Üç gün davam edən Bakı qırğınları zamanı əks-inqilabçı və müsavatçı adı ilə 12 min nəfər dinc əhali amansızlıqla qətlə yetirildi. Bolşevik-daşnak qüvvələri tərəfindən o dövrün gözəl memarlıq abidəsi olan və Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə” binası, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı. Bolşevik-daşnak quldurları dinc insanları - qocaları, qadınları, uşaqları qəddarcasına qətlə yetirdilər.
Aprel ayının əvvəllərindən Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan və digər bölgələrdə də bolşevik-daşnak hərbi qüvvələri tərəfindən böyük qətliam və talanlar törədildi. Təkcə Şamaxı qəzasında 72 kənd dağıdılıb və Şamaxı şəhəri də daxil olmaqla qəzada daşnak və bolşevik quldur dəstələri tərəfindən 18 mindən çox türk-müsəlman qətlə yetirilib.
Aprel ayında Quba qəzasında 162-dən çox müsəlman kəndi dağıdıldı. Ümumiyyətlə, bu qırğınlar zamanı Quba şəhəri də daxil olmaqla qəzada 16 min nəfərdən çox, Lənkəran qəzasında isə 3 minə yaxın dinc əhali qətlə yetirildi. Bakı quberniyasında türk-müsəlman soyqırımı 1918-ci il sentyabrın 15-dək, yəni Bakı şəhəri mənfur düşməndən azad olunana qədər davam etmişdi. Azərbaycan əhalisinə qarşı törədilən bu qırğınlarda erməni kilsəsi və erməni ziyalıları da yaxından iştirak ediblər. Ümumiyyətlə, 1918-ci ilin mart-aprel ayları ərzində Bakı quberniyasında 50 min nəfərdən çox türk-müsəlman əhali qətlə yetirilib.
Bundan başqa, erməni quldurları tərəfindən Azərbaycanın Zəngəzur qəzasında 115 müsəlman kəndi talan edilərək yer üzündən silinib. Nəticədə, 10 min nəfərdən çox Azərbaycan türkü öldürülüb və ya şikəst edilib.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yadelli düşmənlərin bütün mənfur planları pozuldu.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələri xalqımızın qan yaddaşında silinməz iz qoyub.
“Bu gün fəxrlə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində əldə olunan böyük Zəfərlə biz düşmənin çirkin niyyətlərini həmişəlik gözündə qoyduq. Qazandığımız böyük Qələbə xalqımızın vətənpərvər olduğunu dünyaya göstərdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi, ordumuzun gücü, qüdrəti ilə torpaqlarımız işğaldan azad olundu. Azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq tədbirləri bizə sonsuz sevinc və fərəh bəxş edir”- deyə Kəmalə Nəcəfova qeyd edib.

31 mart 2023-03-30 16:47:00