×
A
A
A
Sazlamalar

1918-ci ilin mart soyqırımı Azərbaycan xalqının iradəsini sarsıda bilmədi

Bakı, 30 mart, AZƏRTAC

1918-ci il Azərbaycan tarixində təzadlı hadisələrlə dolu olub. Həmin ildə milli-azadlıq mübarizəsi aparan Azərbaycan xalqı soyqırımı kimi ağır bir faciə yaşamış və eyni zamanda, demokratik dövlət qura bilmişdi. 1918-ci il martın 31-dən aprelin 2-dək Bakıda bolşevik-daşnak alyansı tərəfindən törədilmiş soyqırımı xalqın qan yaddaşında faciə kimi qalsa da, Azərbaycan milli hərəkatının öz hədəfini demokratik cümhuriyyətə doğru qəti müəyyən etməsi ilə də nəticələnib. Bu səbəbdən də zaman-zaman xalqın gələcəyi naminə qürurverici və eyni zamanda çox ağrılı olan bu tarixin vərəqlənməsi zəruridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Aygün Əzimova söyləyib. Onun sözlərinə görə, 31 Mart soyqırımına doğru gedən yol 1917-ci ilin fevralında Rusiyada çar üsul-idarəsinin devrilməsi ilə nəticələnən burjua-demokratik inqilabı ilə başlamışdı. İnqilab nəticəsində Azərbaycanda da Məmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Müsavat partiyasının avanqard olduğu milli-demokratik hərəkat vüsət almışdı. Lakin 1918-ci ilin mart ayınadək keçən bir il ərzində Azərbaycan milli siyasi qüvvələri hələ demokratik Rusiya tərkibində Azərbaycanın muxtariyyətinə nail olmaq istəyirdilər.
Bu zaman Azərbaycanın taleyi Bakıdakı siyasi mübarizənin gedişindən asılı idi. Azərbaycan milli qüvvələrinə qarşı əsas rəqib inqilabdan sonra fəaliyyətə başlamış qeyri-azərbaycanlı sosialistlərdən və daşnaklardan ibarət Bakı Fəhlə və Əsgər Deputatları Soveti (Bakı Soveti) adlı qurum idi. Getdikcə bu qurum tamamilə bolşeviklərin təsiri altına keçməkdə idi. 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə demokratik prinsiplər əsasında seçkilər keçirildikdə sosialistlərin gözləntilərinin əksinə olaraq Müsavat partiyası səslərin 40 faizini toplamışdı. Lakin seçkilərin nəticələri qəbul edilməmişdi. Bu adıkeçən qüvvələrin Azərbaycan milli hərəkatına qarşı barışmaz münasibətinin ifadəsi idi. Bundan bir neçə gün sonra Rusiyada hakimiyyəti ələ keçirən bolşeviklərin siyasəti isə azərbaycanlıların siyasi muxtariyyətə olan ümidlərini boşa çıxarmışdı. Belə ki, vaxtilə imperiya hakimiyyətinə alınmış xalqların öz müqəddəratını təyin etmək hüququnu bəyan etmiş bolşeviklər tezliklə bunun öz məqsədləri ilə üst-üstə düşmədiyini anladılar.
1917-ci ilin sonundan Qafqazda bolşeviklərə qarşı mübarizə gücləndikdə Bakıda da vəziyyət gərginləşməyə başladı. Qafqazı əldən vermək istəməyən bolşeviklər öz siyasətlərini həyata keçirmək üçün Bakını istinadgaha çevirməyə çalışır, Rusiya neft sənayesinin mühüm mərkəzini heç bir halda əldən vermək istəmirdilər. Buna görə də 1917-ci il dekabrın 16-da Lenin Bakı Sovetinin rəhbəri Stepan Şaumyanı Qafqazın Fövqəladə Komissarı təyin etdi. Eyni zamanda, bolşeviklər öz siyasi kurslarında erməni faktorundan istifadə etməyə başladılar. Dekabrın 29-da isə Rusiya Xalq Komissarları Soveti “Türkiyə Ermənistanı” haqqında dekret verdi. Erməni muxtariyyətinin yaradılmasına kömək etmək Şaumyana tapşırıldı. Nəticədə Bakıda olan “Daşnaksütyun” partiyası və Erməni Milli Şurasında birləşən digər erməni siyasi qüvvələrinin “Erməni dövləti” yaratmaq arzusunun gerçəkləşməsinə tarixi imkanı yaranırdı.
Digər tərəfdən isə bu zaman Cənubi Qafqazı idarə etmək üçün yaradılan və gürcü, erməni və azərbaycanlılardan ibarət Xüsusi Zaqafqaziya Komissarlığı da Osmanlı dövləti ilə müharibə vəziyyətində idi. Erməni və gürcülərin türklərlə müharibə etmək siyasətini dəstəkləməyən azərbaycanlılar getdikcə regionda təcrid olunmuş vəziyyətə düşməkdə idilər. Bu şəraitdə Azərbaycan xalqının milli siyasi qüvvələri dəstəkləməsi bolşeviklərin və erməni siyasi qüvvələrinin siyasətinin həyata keçirilməsi qarşısında başlıca maneə idi; Bakıda bolşeviklərlə erməni siyasi qüvvələrinin birləşməsinə şərait yarandı və martın 16-da Bakı Sovetinin iclasında əsas hədəfin Azərbaycan milli qüvvələri olduğu elan edildi.
Artıq mart ayına qədər Bakı Soveti üç minlik qvardiya təşkil etmişdi. Bir neçə müddət ərzində tədricən I Dünya müharibəsinin əməliyyatları gedən Qərb cəbhəsindən, İran və Şimali Qafqazdan 10 minə yaxın erməni əsgəri Bakıya toplaşıb, martın əvvəlində isə Petroqraddan Erməni Hərbi Komissarlığının üzvləri olan yüksəkrütbəli hərbçilər - general-mayor A.Baqratuni, general-mayor İ.Baqramyan və digərləri gəlmişdilər. Həmin hissələrin Qafqazda Osmanlı dövləti ilə vuruşmağa göndərilməsi nəzərdə tutulmuşdu. Bu vəziyyətdə Bakıda qanlı hadisələr üçün bir qığılcım lazım idi.
1917-ci ilin sonlarından müsəlman əhaliyə qarşı erməni əsgərlərin zorakı hərəkətləri və təxribatları baş verirdi. Müsəlmanlar buna sərt reaksiya vermək istəsələr də, bunun qanlı nəticəsini görən milli qüvvələrin nümayəndələri onları sakitləşdirə bilmişdilər. Lakin xalqın səbir kasası martın 29-da daşdı. Həmin gün Bakıdan “Evelina” gəmisi ilə Lənkərana, öz xidməti yerinə yola düşməyə hazırlaşan müsəlman divizionunun əsgərləri Bakı Soveti qvardiyaçıları tərəfindən tərksilah edilmişdi. Hadisə barədə məlumat ildırım sürəti ilə şəhərə yayıldıqdan sonra şəhərin müxtəlif yerlərindən narazı əhali müsəlman siyasi təşkilatlarının yerləşdiyi İsmailiyyə binasına gələrək onlardan silahların qaytarılmasına nail olmağı tələb etməyə başladı. Son aylarda Azərbaycan qəzalarında müsəlmanlara qarşı hücumlar barədə xəbərlər də Bakıda türk-müsəlman hiddətini artıran səbəblərdən idi. Çünki həmin qəzalara məhz Bakı Soveti tərəfindən hərbi dəstələr göndərilirdi. Buna görə də əhali küçələrə çıxaraq “rus partiyasının”, yəni Bakı Sovetinə rəhbərlik edən bolşeviklərin şəhəri tərk etməsini tələb edirdi. Sovet rəhbərliyi üçün bu, hakimiyyətə qarşı üsyan idi və Bakı Soveti İcraiyyə Komitəsi martın 30-da Q.Korqanovun başçılığı altında İnqilabı Müdafiə Komitəsi adlı qurum yaratdı və hücuma hazırlaşdı.
Lakin şəhərdəki erməni siyasi qüvvələri belə bir vəziyyətə, demək olar ki, çoxdan hazır idilər. Ermənilərin etiraflarına görə, Erməni Milli Şurası tərəfindən erməni əhalinin “müdafiəsi” məqsədilə şəhərin ermənilər yaşayan hissəsi sahələrə bölünmüş, onlara rəislər təyin edilmişdi. Toqquşma olacağı təqdirdə müsəlman kəndlərindən şəhərə gedən bütün yolların atəşə tutularaq müsəlmanların şəhərə buraxılmaması məqsədilə Hamasazpın Erməni Milli Şurası sərəncamında olan hərbi dəstəsi, 2-ci erməni ehtiyat alayı və bir batareya və artilleriya üçün şəhər ətrafında mövqelər seçilmişdi. Eləcə də şura nəzdində müdafiə qərargahı yaradılmışdı.
“Martın 31-də şəhərin müsəlman əhalisi üzərinə hücum başlandı. Mütəşəkkil hərbi qüvvəyə malik olmasalar da, müsəlmanlar inadla müqavimət göstərməyə başladılar. Bakı qoçuları müsəlman məhəllələrinin qorunmasında xüsusi fədakarlıqla seçilmişdilər. Buna baxmayaraq artilleriyadan və pulemyotlardan istifadə edilməsi, Xəzər Hərbi Donanmasının gəmilərinin erməni təxribatına uyaraq müsəlman məhəllələrini top atəşinə tutması onlara sarsıdıcı təsir göstərmişdi. Nəticədə əhali müqaviməti dayandırmalı oldu. Lakin məhz bundan sonra erməni silahlı dəstələri dinc əhali üzərinə hücuma keçərək kütləvi qətliama başladılar. Üç gün ərzində şəhərin müxtəlif məhəllələrində minlərlə dinc əhali uşaq, qadın, qocaya baxılmadan məhv edilmişdi. Həm azərbaycanlı şahidlərin ifadələrində, həm də o vaxt Bakıda olan xarici ölkə vətəndaşlarının xatirələrində ağlasığmaz işgəncə və qətllərin təsviri verilir. Hətta iş o yerə çatmışdı ki, müsəlmanlara qarşı vuruşan rus qvardiyaçılar ermənilərə qarşı çıxmışdılar. Qırğınlar yalnız həmin vaxt Bakıda olan 36-cı Türküstan rus alayının tələbindən, eləcə də dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Hətta “Xəzər Hərbi Donanmasına məxsus “Ərdəhan” və “Karsnovodsk” gəmiləri ermənilərə atəş açmaq üçün limana yaxınlaşmışdılar.
Minlərlə dinc əhalinin qətlinə görə çarəsiz qalan Azərbaycan milli siyasi təşkilatlarının nümayəndələri Bakı Soveti İMK-nin təslim olmaq ultimatumunu qəbul etməli olmuşdu. Bu, Bakı Sovetinin hakimiyyətinin tanınması demək idi. Şaumyan aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: “....Cənubi Qafqazın taleyi həll olunurdu. Əgər azərbaycanlılar qalib gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan olunardı. Daşnakların iştirakının “müharibəyə müəyyən qədər milli qırğın xarakteri verdiyini” qeyd edən Şaumyan öz siyasətinə haqq qazandıraraq yazırdı: “...lakin bundan qaçmaq mümkün deyildi və biz şüurlu surətdə buna getdik”.
Beləliklə, 1918-ci il martın 31-dən aprelin 2-dək Bakıda öz hakimiyyətlərini itirməmək və Azərbaycan milli-demokratik hərəkatını boğmaq üçün ən sərt üsuldan - siyasi qüvvəni dəstəkləyən əhalinin məhvi və ya ən azı onu sarsıtmaqla iradəsini qırmaq üsuluna üstünlük verən bolşeviklər daşnaklarla alyansa girərək faktiki olaraq bir millətdən digərinə qarşı istifadə etdilər və nəticədə azərbaycanlı əhalinin soyqırımı törədildi. Bolşeviklərin daha irəli gedən məqsədlərinə hesablanmış bu addım Qafqazda onların qələbəsinə yol açmalı idi. Ermənilər isə qətliam törətməklə “böyük Ermənistan” planını həyata keçirilməsi qarşısında maneəni aradan götürmək istəyirdilər.
Soyqırımından sonra şəhərdə Bakı Xalq Komissarları Soveti (Bakı Kommunası) adı altında Sovet Rusiyasının yerli hakimiyyət orqanı təşkil olunmuşdu. Bakı XKS hakimiyyətini bütün Bakı quberniyasına yaymaq və Azərbaycan milli qüvvələrinə dəstək verən əhalini cəzalandırmaq üçün qəzalara aprel-may ayları boyunca faktiki olaraq erməni quldur dəstələrini göndərmişdi. Həmin dəstələr Şamaxı, Quba, Lənkəran, Salyan, Göyçay və s. ərazilərdə soyqırımını davam etdirmişdilər. Şamaxı şəhərində və qəzasında 22 min nəfər, Quba şəhəri və qəzasında 7 min, Lənkəranda 2 min nəfərdən çox müsəlman qətlə yetirilmişdi. Bu zaman ümumilikdə Bakı quberniyası üzrə 50 mindən çox azərbaycanlı məhv edilmişdi. Faktiki olaraq azərbaycanlıların soyqırımı hakimiyyətin məqsədli siyasəti kimi həyata keçirilmişdi. Bütün bunlara rəğmən nəticə heç də bolşeviklərin gözlədiyi kimi olmadı və Azərbaycan milli siyasi qüvvələri artıq Rusiya daxilində muxtariyyət ideyasından birdəfəlik imtina edərək milli siyasi müstəqillik yolunu tutdu və mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası həm də Azərbaycan xalqının 1918-ci ilin martında soyqırımına məruz qalmasına baxmayaraq sarsılmayan iradəsinin bəhrəsidir”, - deyə Aygün Əzimova fikrini yekunlaşdırıb.

31 mart 2023-03-30 15:48:00