×
A
A
A
Sazlamalar

Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi anılıb

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin əməkdaşları və hərbi attaşelik aparatının nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, Belarus əsilli Davidoviç Anatoli Nikolayeviçin anadan olmasının ildönümü ilə əlaqədar onun məzarını ziyarət edərək, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sonra Milli Qəhrəmanın Slutskda yaşayan anası Kima Davidoviç də ziyarət olunub, onun səhhəti və qayğıları ilə yaxından maraqlanılıb.
Qeyd edək ki, 1992-ci ilin iyunun 13-də döyüşlərin birində qəhrəmancasına həlak olan mayor Anatoli Davidoviçin şücaətinin Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin hər iki ölkədə daim ehtiramla yad olunduğu xüsusi qeyd edilib.
Kima Davidoviç oğlunun xatirəsinə ehtirama, eləcə də özünə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə, o cümlədən Azərbaycan dövlətinin Belarusdakı səfirliyinin və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.
Milli Qəhrəmanın anası, həmçinin 2019-cu ildə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun onu xəstəxanada ziyarət etməsini məmnunluqla xatırlayıb.

Ordu 2023-03-29 16:14:00