×
A
A
A
Sazlamalar

“Susma, səsini eşitdir!” layihəsi çərçivəsində tədbirlər keçirilib

Bakı, 29 mart, AZƏRTAC
Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” layihəsi çərçivəsində növbəti tədbir 112, 113, 188 və 305 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə baş tutub.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, tədbirdən əvvəl qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova ölkədə məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, məişət zorakılığı qurbanlarının hüquqi müdafiə vasitələri, kompensasiya, tibbi və psixoloji yardımla təmin edilməsi istiqamətində görülən işlərdən danışıb.
BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova təhsilə cəlb olunmanın vacibliyi barədə fikirlərini bildirib, gender bərabərliyi, təhsildə mövcud olan gender göstəriciləri, qızların təhsili mövzularına toxunub.
Tədbirdə çıxış edənlər insan hüquq və azadlıqlarının ali dəyər sayıldığı cəmiyyətimizdə gender bərabərliyinin təmini uğrunda həyata keçirilən layihələr, ölkəmizdə qadın hüquqlarının təminatı və gender probleminin həlli istiqamətində keçirilən silsilə tədbirlərdən söz açıblar.
Məktəblilər məişət zorakılığı, erkən nikah, təhsildən yayınma halları, qohumlar arasındakı nikah və onların fəsadları mövzuları ilə bağlı hazırladıqları səhnəcikləri nümayiş etdirib, şeir və mahnılar səsləndiriblər.
Bakı şəhəri 113 nömrəli tam orta məktəb tərəfindən hazırlanan “Susma, səsini eşitdir!” adlı videoçarx nümayiş olunub.
Sonda “Susma, səsini eşitdir!” layihəsi çərçivəsində fəal iştirak edən direktor və şagirdlərə Sabunçu rayonunun Kürdəxanı və Pirşağı qəsəbə bələdiyyələri tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində hər ay Sabunçu rayonunun ümumi təhsil məktəblərində tədbirlərin keçirilməsi və insan hüquqları, məişət zorakılığı, erkən nikah, təhsildən yayınma, bullinq və sair bu kimi mövzularda maarifləndirmə işinin gücləndirilməsi nəzərdə tutulur.

Elm və təhsil 2023-03-29 11:29:00