×
A
A
A
Sazlamalar

Vətən müharibəsindəki Zəfərimiz Azərbaycan xalqına qarşı soyqırımı siyasətinə son qoydu

Bakı, 28 mart, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları insanlarımızın kütləvi şəkildə qətlə yetirilməsi, faciə və soyqırımları ilə nəticələnib. Xarici dövlətlərin siyasi və hərbi dəstəyindən bəhrələnən Ermənistan ötən əsrin əvvəllərində Azərbaycanda miqyas etibarilə daha böyük soyqırımları törədib. İşğalçı ölkə Azərbaycanın torpaqları hesabına sərhədlərini genişləndirməklə, başqa sözlə desək, torpaqlarımızı hissə-hissə mənimsəməklə “böyük Ermənistan” qurmaq arzusuna xalqımıza qarşı apardığı etnik təmizləmə, deportasiya və soyqırımları vasitəsilə nail olmaq istəyirdi.
Şükürlər olsun ki, 100 ildən artıq Azərbaycan xalqına qarşı davam etmiş bu soyqırımı siyasətini Vətən müharibəsindəki tarixi Qələbəmiz dayandırdı.
Bunu Milli Məclisin deputatı Səbinə Xasayeva AZƏRTAC-a açıqlamasında söyləyib.
O bildirib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri şəraitdən istifadə edərək xüsusi qəddarlıqla kütləvi qırğınlar törətdilər. Onlar Bakıda, Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə azərbaycanlını qətlə yetirdilər, yaşayış məntəqələrini dağıtdılar, mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları dağıtdılar. Bu, vandalizm idi və təəssüflər olsun ki, indiyədək dünya dövlətləri, beynəlxalq təşkilatlar ona ciddi siyasi münasibət bildirməyib. Vandalizm Bakı və Bakı quberniyası ilə məhdudlaşmadı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirildi.
Mart soyqırımının “Daşnaksutyun” partiyasının rəhbərliyi ilə təşkilatlandırılmış şəkildə həyata keçirildiyini qeyd edən S.Xasayevanın sözlərinə görə, 1918-ci il martın 30-dan aprelin 3-nə kimi Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirdilər. Milli mənsubiyyətə istiqamətləndirilmiş bu soyqırımında azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insanlar da qılıncdan, süngüdən keçirildi, diri-diri yandırıldı, neçə-neçə milli memarlıq abidəsi, məktəb, xəstəxana, məscid dağıdıldı.
Deputat bildirib ki, 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılmasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Ulu Öndər 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı 1999-cu il martın 30-da tədbirlər planı hazırlanaraq təsdiq edildi. Ümummilli Liderin Fərmanı mart soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında böyük rol oynadı. Aparılan araşdırmalar nəticəsində bir çox yeni faktlar və sənədlər toplandı. Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
“Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“ inşa edildi. Quba şəhərində Qudyalçayın sahilində inşa edilən kompleks 2013-cü il sentyabrın 18-də açılıb. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışında çıxış edərək bir çox mühüm məqamlara toxundu. Müasir Ermənistan dövlətinin ideologiyasının faşizm üzərində qurulduğunu qeyd edən dövlətimizin başçısı vurğuladı ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər sovet dövründə deportasiyalar, Birinci Qarabağ müharibəsində Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel qətliamları, işğal illərində də isə ekosid, vandalizmlə müşayiət olunub. Vətən müharibəsi dövründə isə erməni faşistləri tərəfindən Gəncə, Bərdə raketlərlə vurulub, mülki vətəndaşlar həyatlarını itiriblər. Prezidentimiz erməni faşizminin Azərbaycan alimləri tərəfindən daha geniş şəkildə tədqiq edilməsinin, tarixi həqiqətləri əks etdirən böyük elmi əsərlər yaradılmasının vacibliyini vurğuladı”, - deyə deputat diqqətə çatdırıb.
Səbinə Xasayeva bildirib ki, tarix heç zaman unudulmur və erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

31 mart 2023-03-28 18:52:00