×
A
A
A
Sazlamalar

Ramazan ayının fəziləti “Qurani-Kərim”in bu ayda nazil olması ilə birbaşa əlaqəlidir

Bakı, 28 mart, AZƏRTAC

Ramazan ayı müsəlman cəmiyyətində Ramazan orucu adlandırdığımız biraylıq oruc ibadətinin yerinə yetirildiyi aydır. Oruc fərdi qaydada yerinə yetirilən və İslamın şərtlərindən sayılan vacib ibadətlərdən biridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova söyləyib. E.Əzizova bildirib ki, Ramazan orucu ilə əlaqəli Quran ayələri (Bəqərə surəsinin 183-185-ci ayələri) orucun müsəlmanlara vacib olduğu, kimlərin hansı şərtlərdə oruc tutmamasına icazə verildiyi, oruc tuta bilməyənlərin hansı əməlləri yerinə yetirməli olduqlarına dair dinin qaydalarını özündə əks etdirir. Lakin Ramazan ayının dəyəri sadəcə müsəlmanlar üçün bir ay boyunca yemək, içmək, orucu pozan digər qadağalardan uzaq olmaqla səciyyələnmir. Ramazan ayının fəziləti “Qurani-Kərim”in bu ayda nazil olması ilə birbaşa əlaqəlidir. Ramazan ayı yeganə aydır ki, Quranda adı ilə qeyd olunur. Qeyd edildiyi kimi, Quranın Ramazan ayında nazil olduğu bildirilir. Ayələrdə Quranı insanlara doğru yolu göstərmək, bu yolu açıq dəlilləri ilə aydınlaşdırmaq və haqqı batildən ayırmaq üçün göndərildiyi qeyd olunur. Qədr surəsində isə Quranın göndərildiyi “Qədr gecəsi”nin min aydan daha xeyirli olduğu vurğulanır. Burada da məqsəd hərfi mənada bir gecə və min ay arasındakı miqdar fərqliliyinə diqqət çəkmək deyil, Quranın əhəmiyyətinin ön plana çıxarılmasıdır. Buna görə də İslam mədəniyyətində Ramazan ayı ilə Quran arasında yaxın bir əlaqə olub, Quranın oxunaraq xətm olunması bir ənənəyə çevrilib.
“Təsadüfi deyil ki, əsrlər boyu müsəlman alimlər öz əsərlərində oruc tutmağın şərtlərinin sadəcə yuxarıda qeyd olunan qadağalarla məhdudlaşmadığı üzərində durub, fərdin gücü çatan qədər yanlış davranışlardan uzaq olmasının, bacardığı qədər xeyirli işlər görməsinin oruc ibadətinin məqsədinə çatmaq üçün mühüm olduğunu qeyd ediblər. Buna görə də Ramazan orucu ibadətlər arasında fərdi kateqoriyada görünməklə yanaşı, gözlənilən ictimai nəticələri daha əhəmiyyətli olan bir ibadətdir”, - deyə Elnurə Əzizova vurğulayıb.

Elm və təhsil 2023-03-28 14:44:00