×
A
A
A
Sazlamalar

BDU-nun Hirş indeksi 56-ya çatıb

Bakı, 27 mart, AZƏRTAC

“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2023-cü ilin ilk 3 ayı ərzində Bakı Dövlət Universitetinin (BDU) Hirş indeksi artaraq 56 olub (Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir). Hər bir əsərə istinadların orta sayı isə 6.81-ə qədər yüksəlib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, 2018-ci ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3761 elmi əsər nəşr edilib. Bu əsərlərə 25629 dəfə istinad edilib. Təkcə 2022-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 254 əsər (2022-ci il üzrə yekun nəticələr tam deyil, 2023-cü ilin ilk yarımilliyində tamamlanacaq) nəşr edilib və nəşr edilən əsərlərə 5603 dəfə istinad olunub ki, bu da 2018-ci ildə edilən istinadların sayından 2,5 dəfə çoxdur.
Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.

Elm və təhsil 2023-03-27 18:50:00