×
A
A
A
Sazlamalar

“Elm millətin varlığının təminatçısıdır” - Şərqşünaslıq İnstitutunda sessiya

Bakı, 27 mart, AZƏRTAC

Martın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Elm millətin varlığının təminatçısıdır" mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Elm Gününə həsr olunan tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, ölkəmizdə elmə böyük diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilən Elm Gününün tarixi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yarandığı günə təsadüf edir. Akademik G.Baxşəliyeva qeyd edib ki, ölkəmizdə elmin sürətli inkişafı Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində bu sahəyə böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə elmin inkişafı, iqtisadiyyatın və istehsal prosesinin elmi əsaslar üzərində qurulması dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edilib.
Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “XIX əsrin I yarısında Avropa və Azərbaycanda elm” mövzusunda məruzə edib. Bu dövrdə Avropada və Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyəti təhlil edən məruzəçi daha sonra elmi inkişafa təkan verən və ya onu ləngidən amillərdən danışıb. XIX əsrin I yarısında Avropada bəzi texniki nailiyyətlərdən, dəqiq və təbiət elmlərinin inkişafından, elmin istehsalatda tətbiqindən danışan N.Məmmədov həmin dövrdə Şimali Azərbaycanda da elmi nailiyyətlərdən, ictimai və humanitar elmlərin inkişafından, doğma diyarın tarixi keçmişini öyrənməyə daxili tələbat hissinin formalaşmasından bəhs edib.
Elmi sessiyada Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Qloballaşma dövründə elm və təhsilin rolu”, Türk filologiyası şöbəsinin elmi işçisi Xanım Abdullayeva “Elm – inteqrasiya etmiş ictimai əsaslar müstəvisində” mövzusunda məruzə ediblər.
Sonda müzakirələr aparılıb.

Elm və təhsil 2023-03-27 18:19:00