×
A
A
A
Sazlamalar

Nyu-Yorkda keçirilən tarixi konfransın iştirakçıları su ehtiyatları üzrə Tədbirlər Proqramını qəbul ediblər

Bakı, 25 mart, AZƏRTAC

Su ən dəyərli ümumi nemətdir, çünki bütün bəşəriyyətin gələcəyi və yeni dayanıqlı inkişaf kursunun istiqaməti onun mövcudluğundan asılıdır. Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Su ehtiyatları üzrə Konfransının bağlanış mərasimindəki çıxışında bildirib.
AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, konfrans iştirakçıları su ilə bağlı yeni Tədbirlər Proqramını yekdilliklə qəbul ediblər.
BMT-nin mənzil qərargahında martın 22-dən 24-nə qədər keçirilən BMT-nin Su ehtiyatları üzrə Konfransı 2030-cu ilə qədər təhlükəsiz su və sanitariya xidmətlərinə universal çıxışın təmin edilməsində tərəqqinin sürətləndirilməsi baxımından unikal fürsətə çevrilib. Onun həmsədrləri Niderland kralı Villem-Aleksandr və Tacikistan Prezidenti Emoməli Rəhmondur. Konfransda hökumətin bütün səviyyələri üzrə nümayəndələr, eləcə də alimlər, vətəndaş cəmiyyəti, yerli xalqlar, özəl sektor və gənclərin nümayəndələri iştirak ediblər.
Azərbaycanı konfransda ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
“Bu konfrans açıq-aydın həqiqəti anlamağa kömək edib. Su, bəşəriyyətin ən dəyərli ümumi neməti kimi, bizim hamımızı birləşdirir. Məhz buna görə su qlobal siyasi gündəmin mərkəzində olmalıdır”, – deyə BMT rəhbəri bildirib. O vurğulayıb ki, su sağlamlıq, sanitariya, gigiyena və xəstəliklərin profilaktikası üçün vacibdir. Su dünyaya lazımdır. Su dayanıqlı inkişaf, yoxsulluqla mübarizə, ərzaq sistemlərinin dəstəklənməsi və rifah üçün zəruridir. Su insan hüquqları və gender bərabərliyinə bağlıdır.
Antonio Quterreş əmindir ki, “bəşəriyyətin gələcəklə bağlı bütün ümidləri bu və ya digər dərəcədə su ehtiyatlarının dayanıqlı idarəetmə kursunun seçimindən, onların bu gün və sabah insanlar üçün qorunub-saxlanılmasından asılıdır”.
“Ümidlərimizin reallaşdırılması bu həftə işlənib hazırlanmış Su ehtiyatları üzrə Tədbirlər Proqramının həyata keçirilməsindən asılıdır”, – deyə Antonio Quterreş bildirib. O əlavə edib ki, sənəd insanın suya olan əsas hüququnu təsdiqləyir. Tədbirlər Proqramında hidroloji sistemdəki yükün azaldılması, su ehtiyatlarının idarə olunması sahəsində düzgün qərarların və ağıllı siyasətin qəbulunun zəruriliyi vurğulanır.
BMT rəhbərinin dediyinə görə, bu, qida məhsulu istehsalı və kənd təsərrüfatında suyun səmərəsiz istifadəsini azaltmaq üçün yeni, alternativ ərzaq sistemlərinin işlənib hazırlanması deməkdir. Bu proqram 2030-cu ilə qədər olan dövr üçün planlar və prioritetləri müəyyən edəcək su ehtiyatları üzrə yeni qlobal informasiya sisteminin işlənib hazırlanması və tətbiq edilməsini nəzərdə tutur.
Tədbirlər Proqramının reallaşdırılması istixana qazları tullantılarının azaldılması və möhkəm infrastrukturun inkişafına istiqamətlənən su, ekosistemlər və iqlimə inteqrasiya yanaşması tələb edəcək. BMT rəhbəri su kəmərləri və çirkab suların təmizləyici qurğular sistemlərinin modernləşdirilməsi, eləcə də təbii fəlakət haqqında erkən xəbərdarlıq sistemlərinin tətbiq edilməsi zəruriliyi barədə xatırladıb.
BMT-nin Baş katibi vurğulayıb ki, suyun idarə olunması sahəsində bütün planların reallaşdırılması üçün paralel olaraq iqlim dəyişikliyi ilə mübarizədə səyləri artırmaq, qlobal istiləşməni Selsi üzrə 1,5 dərəcədə saxlamaq, eləcə də 2030-cu ilə qədər hamı üçün su ehtiyatlarının mövcudluğu və rasional istifadəni və sanitariyanın təmin edilməsini nəzərdə tutan 6-cı Dayanıqlı İnkişaf Hədəfinin realizə edilməsi üzrə layihələrə sərmayələri artırmaq lazımdır.
BMT rəhbəri vurğulayıb ki, su və sanitariya məsələləri bu ilin sentyabr ayında keçiriləcək Dayanıqlı İnkişaf Hədəfləri üzrə sammit, eləcə də 2024-cü ildə “Gələcəyin sammiti” zamanı diqqət mərkəzində olmalıdır.
“Su olmadan dayanıqlı inkişaf ola bilməz. Bu tarixi konfransı tərk edərkən, gəlin istisnasız olaraq hər kəsin su ilə təmin olunacağı gələcəyə doğru addımlayaq”, – deyə BMT-nin Baş katibi vurğulayıb.
Konfrans çərçivəsində “Azərbaycanda transformativ tədbirlər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmağı sürətləndirmək üçün su sektorunda həyata keçirilən islahatlar, maraqlı tərəflərin iştirakı və innovasiyanın tətbiqi" adlı tədbir keçirilib. Tədbir Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Miqrasiya Təşkilatı, Arizona Dövlət Universitetinin dəstəyi ilə keçirilib.

Ekologiya 2023-03-25 16:36:00